Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzi əsaslı şəkildə yenidən qurulub

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev aprelin 11-də Lənkərana səfəri zamanı şəhərdəki yenilənən mədəniyyət ocaqlarına da baş çəkib. Dövlət başçısı Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində və Mədəniyyət Mərkəzində aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Tarix-diyarşünaslıq muzeyinin Xan evi kimi tanınan tarixi binası Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə inşa edilib. Fransız memarları tərəfindən layihələndirilən üçmərtəbəli binanın inşasında Şərq və Qərb memarlıq üslubundan istifadə edilib. 1978-ci ildə burada tarix-diyarşünaslıq muzeyi fəaliyyətə başlayıb.
Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşmüşdü.
Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.
Ekspozisiya zallarında adı qədim yazılı mənbələrdə çəkilən Lənkəran ərazisindən tapılmış və bu diyarın tarixini, etnoqrafiyasını, maddi və mənəvi dəyərlərini, məişətini əks etdirən əşyalar, alətlər, rayonun tarixində baş vermiş mühüm hadisələri əks etdirən sənədlər toplanıb.

Bina qədim olsa da, burada infrastruktur tam müasir tələblərə uyğun qurulub. Yanğın təhlükəsizliyini təmin etmək üçün müasir tələblərə uyğun yanğın xəbərvermə və yanğınsöndürmə sistemləri, mərkəzləşmiş video-müşahidə qurğusu quraşdırılıb. Ərazidə qazanxana binası, transformator yarımstansiyası, generator, su anbarları və digər zəruri avadanlıqlar, həmçinin otaqlarda temperaturu sabit saxlamaq üçün döşəmə tipli havalandırma sistemi quraşdırılıb. Muzeyin ətrafında geniş abadlıq işləri görülüb, ərazinin asfalt örtüyü yenilənib.
Lənkəran Mədəniyyət Mərkəzi də əsaslı şəkildə yenidən qurulub. Respublikanın digər bölgələrində olduğu kimi, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında əsaslı yenidənqurma işlərinin aparılması mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. 1982-ci ildə istifadəyə verilən binada ovaxtdan əsaslı təmir işləri aparılmayıb. 2014-cü ilin aprelində əsaslı təmir işləri başlanan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb.
Üçmərtəbəli binanın 550 yerlik akt zalında müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Mərkəzdə etnoqrafiya sərgisi də yaradılıb. Sərgi Lənkəranın qədim tarixi haqqında geniş məlumatlar əldə etməyə imkan verir.