Xəbər verildiyi kimi, 15 aprel tarixində Quba şəhər B.Səfəroğlu adına Mədəniyyət evində Azərbaycan Respublikasının Prezident təqaüdçüləri olan gənc istedadların konserti keçirilib. Konsert Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Bakı-2015" Avropa Oyunlarının təbliğat kampaniyası çərçivəsində təşkil edilib.
Gənc musiqiçilər Atabala Manafzadə (fortepiano), Emin Hüseynov (violin), Kamil Həsənov (fortepiano), Jalə Mailova (fortepiano), Mədinə Şahgəldiyeva (kamança), Mustafa Aşurov (tar), Pərvaz İbrahimli (xanəndə) və İsrafil Rəsulovun (truba) ifasında Azərbaycan və dünya musiqi nümunələri səslənib. Prezident təqaüdçülərinin digər bölgələrdə də çıxışları nəzərdə tutulub.