Aprelin 27-də Goranboy şəhər uşaq incəsənət məktəbinin 50 illik yubiley tədbiri keçirilib. Goranboy rayon Mədəniyyət evində keçirilən tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kollektivə təbrik məktubları oxunub, mükafatlar təqdim olunub.
Mərasimin rəsmi hissəsindən sonra məktəbin şagirdlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilib. Yaxın günlərdə yubilyar məktəbin uşaq və müəllim kollektivi Göygöl, Xocalı, Kəlbəcər rayon ictimaiyyəti qarşısında konsertlərlə çıxış edəcək.
Qeyd edək ki, Goranboy şəhər uşaq incəsənət məktəbi 1965-ci ildə fortepiano və tar ixtisası üzrə 7 illik tədris ocağı kimi fəaliyyətə başlayıb. 1970-ci ildən etibarən məktəbin şagirdləri respublika uşaq musiqi məktəbləri şagirdlərinin baxış-müsabiqələrində müvəffəqiyyətlə çıxış ediblər. 1989-cu ildən məktəb 8 ixtisas üzrə fəaliyyətini incəsənət məktəbi olaraq davam etdirir. Ötən illərdə məktəb gənc nəslin estetik tərbiyəsində müvəffəqiyyətlərinə, bədii özfəaliyyət kollektivlərinə fəal köməklik göstərilməsinə görə nazirliyin fəxri fərman və mükafatları ilə təltif olunub. 2005 və 2011-ci illərdə ölkə Prezidenti İlham Əliyev Goranboy rayonuna səfərləri zamanı məktəbin yetirmələrinin çıxışlarını dinləyib, şagirdlərlə xatirə şəkli çəkdirib.