Bölgələrdə ənənəvi kitab bayramları keçirilib

Göygöl rayon MKS-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Sən elə bir zirvəsən” başlığı altında kitab bayramı keçirilib. Heydər Əliyev adına istirahət parkında təşkil olunan tədbirdə müxtəlif başlıqlar altında 2500-dən çox ədəbiyyat iştirakçılara təqdim olunub. Sərgidə nümayiş olunan tətbiqi sənət nümunələri də iştirakçıların böyük marağına səbəb olub. Şəhər Mədəniyyət evinin təşkil etdiyi konsert proqramı, “Bahar” rəqs qrupunun təqdimatında gözəl rəqslər tədbirə daha şən əhval-ruhiyyə bəxş edib.
* * *
Mayın 6-da Lənkəran Şəhər Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VIII kitab bayramı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Şahin Şahbazov iştirak edib. Mərasimdə çıxış edən Lənkəran Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova, şəhər ziyalıları və ağsaqqallar ümummilli liderin bilik mənbəyi olan kitablar haqqında söylədiyi fikirlərdən bəhs edib, hər bir insanın həyatda mövqe qazanmasında kitabların rolundan danışıblar.
Tədbirin bədii hissəsində məktəblilər, balaca fidanlar və bədii özfəaliyyət kollektivlərinin üzvləri şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.
* * *
Mayın 6-da Şamaxı Mədəniyyət Mərkəzində kitab bayramı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Rəfail Tağızadə, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ərəstun Xələfov çıxış ediblər. İcra Hakimiyyətinin məsul işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclərin qatıldığı tədbirdə 1500-ə qədər kitab sərgilənib. İştirakçılar sərgi ilə tanış olduqdan sonra 1 saylı tam orta məktəbin “Dədə Qorqud” dastanı əsasında, Avropa liseyinin və 9 saylı məktəblərin şagirdlərinin Azərbaycan nağılları əsasında hazırladıqları səhnəciklərə tamaşa ediblər.
Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun rəhbərliyi ilə “Şirvan” folklor ansamblının çıxışı, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlının və aşıq İxtiyar Qocayevin ifaları tamaşaçılarda xoş ovqat yaradıb.
* * *
Mayın 5-də Kürdəmir rayon Gənc Heydərçilər parkında ümummilli liderin anadan olmasının 92-ci ildönümü ilə bağlı “Əbədilik zirvəsi” adlı kitab bayramı təşkil olunub. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev iştirakçıları salamlayaraq kitabın insan həyatında rolundan söz açıb. Bildirib ki, kitab insanların biliyə, zəkaya, kamala doğru yolunu işıqlandırdır.
Tədbirdə rayon üzrə ilin ən fəal oxucuları - Arif Babayev və Nəcibə Mustafazadə Kürdəmir rayon MKS-nin tərəfindən mükafatlandırılıblar. “Ən fəal kitabxana” nominasiyası üzrə qalib Yenikənd kənd kitabxanasının müdiri A.Abduləzizova da fəxri fərmanı ilə təltif olunub. Uşaq incəsənət məktəbinin şagirdləri və rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin çıxışları, intellektual oyun və viktorinalar tədbiri daha da rəngarəng edib.