Qələbə - 70


Mayın 5-də Qələbənin 70 illiyi münasibətilə Şəki şəhəri "Yuxarı baş" Dövlət Tarix-Memarlıq Qoruğunda müharibə veteranları ilə görüş keçirilib. Tarix-Diyarşünaslıq, Xalq Tətbiqi Sənəti muzeyləri, M.F.Axundovun, S.Rəhmanın, R.Əfəndiyevin ev-muzeylərinin kollektivləri ilə birgə təşkil olunan görüşdə çıxış edən veteranlar ön və arxa cəbhələrdə baş verən hadisələrdən söz açıblar, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkürlərini bildiriblər.

* * *
Qələbənin 70 illiyi münasibətilə Qusar şəhərinin mərkəzi meydanında general-mayor Mahmud Əbilovun büstünün və müharibədə qəhrəmancasına həlak olmuş qusarlıların xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı keçirilib.
Sonra N.Nərimanov adına mədəniyyət və istirahət parkında mədəniyyət müəssisələri bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

* * *
Goranboy rayon MKS-nin təşəbbüsü ilə Yeniyol kəndində Böyük Vətən müharibəsi iştirakçısı Əli Əliyevlə görüş keçirilib. MKS-nin direktoru G.Nəsibova, rayon Mərkəzi kitabxanasının şöbə müdiri S.Abdullayeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri N.Abdullayev və başqaları veteranı təbrik ediblər. Veteranın ailə üzvləri görüşün təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

* * *
Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Böyük Vətən müharibəsində zəfərin 70 illiyi ilə bağlı şəhərdəki Heydər Əliyev Mərkəzində “Tarixə yazılmış ömürlər”, R.Rzanın ev-muzeyində “Şanlı qələbə - 70”, M.Ə.Sabir adına rayon MKS-də “Müharibə mövzusu bədii ədəbiyyatda”, R.Rza adına rayon Mədəniyyət evində “Qəhrəmanlar unudulmur” və s. tədbirlər keçirilib.

* * *
Qazax rayon Mərkəzi kitabxanası və Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət mərkəzində Böyük Vətən müharibəsi veteranları Xanqulu Süleymanov və Nəbi Nəbiyevlə görüş keçirilib. “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbirdə çıxış edənlər dövlətimiz tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıblar.

* * *
Kəlbəcər rayon Mərkəzi kitabxanasının keçirdiyi tədbirin qonağı Böyük Vətən müharibəsi iştirakçısı 100 yaşlı Əbülfət Nəcəfov olub. O, keçdiyi döyüş yolu haqqında xatirələrini bölüşüb. Sonda veterana hədiyyə təqdim edilib.