Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü bölgələrdə müxtəlif mədəni tədbirlər, mərasimlərlə qeyd olunur. Bu münasibətlə şəhər və rayonlarda ənənəvi kitab bayramları da təşkil olunub.

Tovuz rayon MKS-nin təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilib. Çıxış edənlər ölkəmizdə mədəniyyətin digər sahələri kimi kitabxana işinin inkişaf etdirilməsində Heydər Əliyevin tarixi xidmətlərindən söz açıblar. Tədbir iştirakçıları “Müstəqil Azərbaycanın qurucusu və memarı”, “Bakı-2015: I Avropa Oyunları”, “Qəhrəmanlıq tariximizdən” və s. başlıqlarda kitab sərgiləri ilə tanış olublar.
* * *
Neftçala rayon MKS-nin Mərkəzi kitabxanası Bayraq meydanında kitab bayramı keçirib. “Azərbaycan tarixindən səhifələr”, “Nağıllar aləminə səyahət”, “Dünyanı, təbiəti, insanları qoruyaq”, “Hərb tariximizin ulduzları” və s. başlıqlı kitab sərgiləri, stendlər, oxucuların əl işləri böyük maraqla qarşılanıb.
* * *
Şəmkir rayon MKS-nin təşkilatçılığı ilə Xəqani İbrahimov adına parkda keçirilən kitab bayramında ulu öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib. Tədbirdə “Heydər Əliyev - 92”, “Azərbaycan tarixi”, “Şəmkirim - doğma diyarım” və s. mövzularda kitablar sərgilənib.
* * *
Xocavənd Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bayraq meydanında keçirilən kitab bayramında da ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, uşaq ədəbiyyatı və s. nəşrlərdən ibarət sərgilər nümayiş olunub. Musiqi məktəblərinin konsert proqramı iştirakçıların könlünü oxşayıb.
* * *
Yevlax şəhər Mərkəzi kitabxanasında keçirilən kitab bayramında ulu öndərin mədəniyyətə diqqət və qayğısından söz açılıb. Mədəniyyət və Turizm Şöbəsinin “Kür” ansamblı solistlərinin ifasında mahnılar səsləndirilib. Sonda tədbir iştirakçıları müxtəlif başlıqlı sərgilərlə tanış olublar.
* * *
Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən kitab bayramında İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, millət vəkili, yazıçı Aqil Abbas, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər çıxış edənlər mütaliənin insan həyatında rolundan danışıb, Heydər Əliyevin kitaba verdiyi yüksək qiymətdən söz açıblar. Tədbir Mədəniyyət və Turizm Şöbəsinin “Şur” ansamblının ifasında musiqi nömrələri ilə başa çatıb.
* * *
Cəlilabad rayonu Heydər Əliyev adına yaradıcılıq mərkəzində keçirilən kitab bayramına 1300-dən çox nüsxə nəşrin yer aldığı 18 adda stend nümayiş etdirilib. Tədbirdə kənd kitabxana filiallarından gələn kitabxanaçılar, tələbələr, məktəblilər iştirak ediblər.
* * *
Müasir Azərbaycanın dövlətinin qurucusu Heydər Əliyevin doğum günü münasibətilə Zəngilan rayon MKS-nin Mərkəzi kitabxanası da kitab bayramı təşkil edib. Tədbirdə iştirak edən Bakı şəhəri 193 nömrəli orta məktəbin şagirdləri yeni kitablarla tanış olublar.
* * *
Lerik rayon MKS-nin təşkilatçılığı ilə keçirilən kitab bayramında rayon rəhbərliyi, idarə və müəssisələrin rəhbərləri, ağsaqqallar ulu öndərin abidəsini ziyarət ediblər. MKS-nin direktoru T.Feyziyevin “Heydər Əliyev və Azərbaycanın mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.
* * *
Qəbələ rayon MKS-nin təşəbbüsü ilə Mədəniyyət mərkəzində keçirilən kitab bayramında çıxışlarda mütaliənin insanın formalaşmasında, həyatı dərk etməsində rolundan bəhs olunub. Tədbir fəal oxucuların çıxışı, bayram konserti və kitab sərgisi ilə davam edib.
* * *
Samux rayon mərkəzindəki Heydər Əliyev parkında təşkil olunan kitab bayramında ulu öndərin həyat və fəaliyyətinə həsr olunan “Azərbaycanı yeni dünyaya aparan şəxsiyyət”, “Mənalı ömrün tarixləşən anları” və s. başlıqlar altında stendlər nümayiş etdirilib.
* * *
Astara rayon Mərkəzi kitabxanasının qarşısında təşkil olunan kitab bayramında “Azərbaycan I Avropa Oyunları ərəfəsində”, “Böyük Qələbə - 70”, “Astaralı yazarlarımız”, “Doğma yurdum Azərbaycan” və s. başlıqlı sərgilərə baxış keçirilib. Mədəniyyət evinin “Sevinc” xalq çalğı alətləri ansamblının rəngarəng konsert proqramı tədbirə rəng qatıb.
* * *
.Xırdalan şəhəri Heydər Əliyev adına parkda keçirilən kitab bayramında Abşeron rayon MKS tərəfindən “Heydər Əliyev irsi”, “Doğma Abşeronum”, “Şifahi xalq ədəbiyyatı”, “Çıraq” poeziya klubu”, “9 May - Qələbə Günü” və s. başlıqlı sərgilər nümayiş olunub. Məktəblilər ulu öndərə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbir konsert proqramı ilə başa çatıb.
* * *
Şəki şəhərindəki B.Vahabzadə adına mərkəzi meydanda kitab bayramı təşkil olunub. Tədbirdə uşaq kitabxanasının oxucularının hazırladığı səhnəciklər, uşaq incəsənət məktəbi rəqs ansamblının ifaları tamaşaçıların böyük marağına səbəb olub. Şəki Musiqi Kollecinin xor və orkestri, uşaq musiqi məktəblərinin konsert proqramı ilə tədbirə yekun vurulub.
* * *
Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə keçirilən kitab bayramının iştirakçıları müxtəlif nəşrlərin sərgiləri ilə tanış olublar. Mərasimdə ulu öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.
* * *
Masallı rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında da kitab bayramı təşkil olunub. MKS tərəfindən hazırlanan “Heydər Əliyev və səhiyyə”, “Heydər Əliyev və mədəniyyət”, ”Millətin xilaskarı”, “Xalqa, dövlətə, vətənə sədaqət”, ”Azərbaycan xalqının qüdrətli oğlu”, ”Heydər Əliyev və uşaqlar” və s. mövzulu kitab sərgilərinə baxış olub.
* * *
Mingəçevir şəhərinin Sahil parkında keçirilən kitab bayramında da ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlərə geniş yer verilib. Həmçinin müxtəlif sahələri əhatə edən kitablar nümayiş etdirilib. Kitabxanaların fəal oxucularının ifasında şeirlər, mahnılar səsləndirilib, kitaba aid səhnəciklər göstərilib.