1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü yerlərdə müxtəlif tədbirlərlə qeyd olunub
2001-ci il avqustun 1-də Azərbaycan ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Bu tarixi proses Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. Ulu öndərin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Əlamətdar tarix şəhər və rayonlardakı mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunub.
Qusar rayon Mərkəzi kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Çıxış edənlər bu günün tarixindən söz açıb, dilimizə göstərilən dövlət qayğısından danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinin latın qrafikası ilə nəşr edilərək respublikanın kitabxanalarına hədiyyə olunub.
* * *
Zaqatala rayon Mərkəzi kitabxanasında “Ana dilimiz milli iftixarımızdır” adlı tematik gecə keçirilib. Tədbiri MKS-nin direktoru Gülniyar Məmmədova açıb. Kitabxana əməkdaşlarının “Heydər Əliyev və Azərbaycan dili”, “Əlifbalar və onların tarixinə qısa nəzər”, “Azərbaycanda latın qrafikalı əlifbaya keçid”, “Böyük mütəfəkkir yazıçı və maarifçi M.F.Axundzadənin əlifba islahatları” və s. mövzularda məruzələri dinlənilib. Sonda uşaq kitabxanasının oxucuları “Ana dilim şirindir” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
* * *
Naftalan şəhər Nizami Gəncəvi adına Mərkəzi kitabxanada əlamətdar günlə bağlı keçirilən tədbirdə direktor Nərmin Əliyeva, informasiya texnologiyaları üzrə mütəxəssis Sevil Bədəlova çıxış ediblər. Bildirib ki, 1992-ci ildən latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinə başlanılsa da, yalnız 2001-ci ildə Prezident Heydər Əliyevin imzaladığı müvafiq fərman latın qrafikalı əlifbaya keçid prosesini başa çatdırdı. Sonda tədbir iştirakçıları mövzu ilə bağlı sərgiyə baxıblar.
* * *
Avqustun 1-də Gəncə şəhər Mərkəzi kitabxanasının oxu zalında “Ən qiymətli milli sərvətimiz - ana dilimiz” adlı sərgi təşkil olunub. Sərgidə Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında çapdan çıxan kitablar, dil və dilçiliyə aid nəşrlər nümayiş olunub. Tədbirdə bu günün əhəmiyyətindən bəhs olunub, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafında tarixi xidmətlərindən söz açılıb.
Həmin gün kitabxananın uşaq şöbəsində “Ana dilimizi sevək, sevdirək” mövzusunda viktorina keçirilib. Viktorinada Gəncə şəhər 31 saylı uşaq bağçasının “Göy qurşağı” komandası qalib gəlib. Fərqlənən uşaqlara hədiyyələr təqdim edilib.
* * *
Astara rayon Mərkəzi kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Vüsal Babayev əlamətdar günün tarixi ilə bağlı məlumat verib.
MKS-nin direktor müavini İlyas Məmmədov, metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova, xidmət şöbəsinin müdiri Yaqut Nəzərova, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı İlahə Mirzəyevanın çıxışları dinlənilib.
* * *
Şəki şəhər MKS-nin İ.S.Nakam adına Mərkəzi kitabxanasında “Dilimiz milli sərvətimizdir” adlı elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş gözü ilə MKS-nin direktoru S.Vahabov açaraq “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov Azərbaycan dili və əlifbası haqqında ətraflı məlumat verib. Sonda “Dilimiz tariximizdir” adlı sərgiyə baxış keçirilib.
* * *
Hacıqabul rayon Mərkəzi kitabxanası şəhər klubunda “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” mövzusunda dəyirmi masa təşkil edib. Tədbiri rayon MKS-nin direktoru Daxil Həsənov açaraq bildirib ki, hər bir millətin dili onun mənəvi sərvətidir. Ulu öndər Heydər Əliyev dilimizin inkişafına və təbliğinə böyük qayğı göstərib. Digər çıxış edənlər bildiriblər ki, dilimizin inkişafı istiqamətində mühüm işlər həyata keçirilib. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikalı ədəbiyyatın kütləvi nəşrlərinin həyata keçirilməsi haqqında” sərəncamı dilimizin inkişafı istiqamətində görülən işlərin parlaq təzahürüdür.
* * *
Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü münasibətilə Zərdab rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində “Gəlin dilimizi sevək, sevdirək” adlı ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru Nailə Əliyeva çıxış edərək əsrlərdən, nəsillərdən bizə yadigar qalan ana dilimizin inkişaf mərhələlərindən söz açıb. Kitabxananın uşaq şöbəsinin multimedia resursları üzrə mütəxəssisi Elnarə Salikovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Digər əməkdaşların da çıxışları olub. Tədbirin bədii hissəsində 2 saylı uşaq bağçasının fidanlarının söylədikləri şeirlər tədbiri daha rəngarəng edib. Musiqi sədaları ilə davam edən tədbirdə balacalara hədiyyələr təqdim olunub.
* * *
Şamaxı rayon MKS-nin Mərkəzi kitabxanasında və onun filiallarında “Dilimizin inkişafında yeni mərhələ”, “Heydər Əliyev və Azərbaycan dili”, “Dilimiz mənəviyyatımızdır”, “Dil millətin varlığıdır” mövzularında dəyirmi masa, məruzə və söhbətlər, “Mənim ana dilim, müqəddəs dilim” adlı ədəbi-bədii kompozisiya təşkil olunub, kitab sərgiləri nümayiş etdirilib.
* * *
Sabirabad rayon Mərkəzi kitabxanasında “Ana dilimizi sevək, qoruyaq” mövzusunda yığıncaq keçirilib. Kitabxananın uşaq şöbəsinin multimedia resursları üzrə mütəxəssisi Gülzaman Mirzəliyeva Azərbaycan əlifbası və dilimiz haqqında məruzə ilə çıxış edib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Telman Əzimov, Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Aynur İsmayılova və Mərkəzi kitabxananın direktoru Eldar Urufov çıxış ediblər. Uşaq bağçasının fidanları ana dilimizə və vətənimizə aid şeirlər söyləyiblər.
* * *
Lənkəran şəhər MKS-də “Azərbaycan əlifbası və Ana dili” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru V.Məmmədova əlamətdar günün tarixinə nəzər salıb. Şəhər 10 saylı məktəbin dil-ədəbiyyat müəlliməsi Kəsirə İbrahimova dilimizin və əlifbamızın keçdiyi yol haqqında məruzə ilə çıxış edib. 91 saylı kitabxana filialının müdiri Şəfa Şıxəlizadə də dilimizin özünəməxsusluqlarından bəhs edib. Şair, fəal oxucu Xəqani Muğamatoğlu ana dilimizə həsr etdiyi şeirini səsləndirib.
* * *
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsində “Ana dilimizi sevək, qoruyaq” başlığı altında səhərcik təşkil olunub. Uşaq şöbəsinin müdiri Zərəfşan Yasinova mərasimi açaraq bildirib ki, ana dilinin saflığı uğrunda bütün dövrlərdə mübarizə aparılıb. Dilimizin mühafizəsi ilə əlaqədar şair və yazıçılarımız, ədəbiyyatşünaslarımız əllərindən gələni əsirgəməyiblər. Uşaq şöbəsinin oxu zal müdiri Rima Seyfullayeva ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Sonda kitabxananın fəal oxucularından Afət Rəhimova, Samirə Əliyeva, Arif Nadirov, Sevinc Əsgərova, Zərifə Balayeva, Ülkər Həbibova və başqaları Azərbaycan dilinə həsr olunmuş şeirlər söyləyiblər.
* * *
Ağstafa rayon Mərkəzi kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilmiş tədbiri giriş sözü ilə açan MKS-nin direktoru İ.Namazova Azərbaycan dilinin inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri ilə müstəqil respublikamızın ilk konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsdiqini tapıb. Oxuculara xidmət şöbəsinin kitabxanaçısı H.Gülalıyeva, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri E.Abdullayeva və başqaları dilimizin zənginliyindən bəhs ediblər.
* * *
Zəngilan rayon Mərkəzi kitabxanasının (Bakının Nərimanov rayonunda yerləşir) uşaq şöbəsində “Ana dilimizi qoruyaq” adlı sərgi təşkil olunub. Tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri M.Nəsirov, rayon İcra Hakimiyyətinin nümayəndəsi Zərifə Həmzəyeva, kitabxananın əməkdaşları və fəal oxucular iştirak ediblər.
* * *
Şirvan şəhər Mərkəzi kitabxanasında “Ana dilimizi sevək, qoruyaq” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda qeyd olunub ki, dil hər bir xalqın mənəvi sərvəti, qürur yeridir. Tarixin sınağından çıxıb cilalana-cilalana bu günümüzədək gəlib çatan Azərbaycan dili hər birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir.
Latın qrafikalı əlifbanın tətbiqi ölkəmizin siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisədir. Sonda tədbir iştirakçıları “Ana dilinizi sevək, qoruyaq” başlıqlı sərgiyə baxıblar.