Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin "İçəribazar" mədəniyyət-turizm mərkəzində şəhər əhalisinin və qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə silsilə konsert proqramları təşkil edilir. Bu silsilədən növbəti konsert azsaylı xalqların mədəniyyətlərinin nümayişinə həsr olunub.
Qax çoxmillətli rayondur. Rayonda onların mədəniyyətlərinin inkişafı üçün hər cür şərait yaradılıb. Burada yaşayan gürcülər öz mədəniyyətlərini həm yerli əhali, həm də qonaqlar qarşısında vaxtaşırı nümayiş etdirirlər. Mədəniyyət mərkəzinin gürcü kənd filiallarının özfəaliyyət kollektivlərinin növbəti konsert proqramı da bu qəbildəndir.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsertdə Qax-İngiloy kənd mədəniyyət evinin "Şvitkasso" xor kollektivinin, "İmedi" rəqs qrupunun, Əlibəyli, İngiloy-Kötüklü və Qaxbaş kənd mədəniyyət evlərinin, Alatəmir kənd klubunun özfəaliyyət kollektivləri çıxış ediblər. Əlibəyli kənd mədəniyyət evinin direktoru Rauli Sardaraşvilinin qoşa tütəkdə çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb. Konsertdə həmçinin gürcü uşaqları Azərbaycan dilində şeirlər söyləyiblər.
Şəhər sakinləri və qonaqlar belə bir tədbirin təşkili üçün rayon Mədəniyyət və Turizm Şöbəsinə, Mədəniyyət mərkəzinə minnətdarlıqlarını bildiriblər.