Qədim şəhərin küçələrindən bu dəfə baykerlər keçəcək
Azərbaycanın Şəki şəhəri daha bir beynəlxalq festivala ev sahibliyi edəcək. Bu dəfə qədim şəhər öz qapılarını müxtəlif ölkələrdən gələn baykerlərin üzünə açacaq.
28-30 avqust tarixlərində Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı baş tutacaq. Festival Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şəki İcra Hakimiyyəti, "Harley Davidson", "Baku HOG Azerbaijan" və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə keçirilir.
Hər il olduğu kimi, bu il də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şoular hamını heyran edəcək. Şəkidə çıxış edəcək dünya şöhrətli "Lady Qaqa", "Elvis Presli", "Beatles", "Kiss" qruplarının "tribute"ları isə festivala xüsusi rəng qatacaq. Unudulmaz gecə yerli müğənnilərin ifası, xarici DJ-lərin coşduran musiqiləri ilə davam edəcək.
Motofestival çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq.
Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələri ilə tanışlıq imkanı yaradılacaq. Qeyd edək ki, belə tədbirlərin keçirilməsi turistlərin cəlb olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Festivala motobrendlər, motoklublar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər. Bir sözlə, motofest bol əyləncə, "test ride", adrenalin və azadlıq ruhunu hiss etmək istəyən hər kəs üçündür. Festival Şəki Olimpiya Kompleksində təşkil olunacaq.
Şəkidəki festival öncəsi isə Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə “Böyük yolun yolçuları” adlı motoyürüş keçirilib. Aksiya “Baku HOG Azerbaijan” klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə gerçəkləşib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov “Böyük yolun yolçuları” motoyürüşünün iştirakçıları ilə görüşüb. Motoyürüşün Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə həyata keçirilməsinin böyük rəmzi məna daşıdığını deyən Baş nazirin müavini dəmir yolu xəttinin strateji əhəmiyyətindən bəhs edib.
“Baku HOG Azerbaijan” qrupunun rəhbəri Vahid Mustafayev bildirib ki, motoyürüşə müxtəlif sahələrdə çalışan 7 iştirakçı qatılıb. Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə gerçəkləşən, gürcü və türk baykerlərinin də qoşulduğu yürüş iki gün davam edib. Layihənin iştirakçıları bu müddət ərzində 1500 kilometr məsafə qət ediblər. Yürüşdə əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolunun təbliği olub.