“Sülh aylığı” çərçivəsində bölgələrdə müxtəlif tədbirlər keçirilir
Sentyabrın 4-də Biləsuvar rayon Mərkəzi kitabxanasında "Sülh və insan hüquqları" mövzusunda tədbir keçirilib. Tədbirdə 21 sentyabr - Beynəlxalq Sülh Gününün əhəmiyyətindən söz açılıb. Qeyd olunub ki, ölkəmizdə “Sülh aylığı” (21 avqust - 21 sentyabr) çərçivəsində keçirilən bu tədbirlər insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.
* * *
Sentyabrın 4-də Şamaxı rayon Mərkəzi kitabxanasında “Sülh inkişafımızın əsas təməlidir” mövzusunda dəyirmi masa keçirilib. Rayon MKS-nin direktoru Ərəstun Xələfov dövlət başçısı tərəfindən 2011-ci ilin 27 dekabr tarixində imzalanan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli fəaliyyət Proqramı”ndan söz açıb.
Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Rəfail Tağızadə, kitabxananın şöbə müdirləri Zemfira Hacıyeva, Afaq Səttarzadə, Hicran Xasıyeva Azərbaycan dövlətinin sülh, əmin-amanlıq, dinc yanaşı yaşama prinsipləri əsasında apardığı siyasətdən danışıblar.
* * *
Neftçala rayon MKS tərəfindən “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər təşkil olunub. Rayonun Abasallı, Ərəbqardaşbəyli, Aşağı Surra kənd kitabxanaları, Heydər Əliyev Mərkəzində yerləşən 36 saylı şəhər kitabxanası, Mərkəzi kitabxananın uşaq və xidmət şöbələri sülh mövzusu ilə sərgilər, məlumat günləri keçiriblər.
* * *
Ağcabədi rayon MKS də 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə bir sıra tədbirlər keçirib. Mərkəzi kitabxanada dəyirmi masa təşkil edilib, 3 və 5 saylı körpələr evində “Yaşasın yer üzündə sülh” başlıqlı tədbirlər hazırlanıb. Tədbirlərdə “Dünyaya sülh gərəkdir”, “Sülh inkişafın təməlidir”, “Yurdda sülh, cahanda sülh” mövzusunda məruzələr oxunub. Uşaqların ifasında sülhə həsr edilmiş şeirlər səsləndirilib.
* * *
Sentyabrın 7-də Qazax MKS-nin Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Mədəniyyət mərkəzində “Dünyaya sülh gərəkdir” adlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən MKS-nin direktoru Solmaz Babanlı 21 sentyabr - Beynəlxalq Sülh Günüün 1981-ci il BMT-nin müvafiq qətnaməsinə əsasən dünyada qeyd olunduğunu diqqətə çatdırıb. MKS-nin direktor müavini Münəvvər Süleymanlı “Dünyaya sülh gərəkdir” mövzusunda məruzə edib. Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Nailə Əliyeva, Mədəniyyət mərkəzinin direktoru Zahidə Həsənova, filial müdiri Xanım Hüseynova, böyük kitabxanaçı Bəsti Məmmədova və başqalarının məruzə ətrafında çıxışları olub.
* * *
Sentyabrın 7-də Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Yurdda sülh, cahanda sülh” başlığı altında dəyirmi masa keçirilib. Kitabxananın şöbə müdiri N.Manafova ölkəmizdə avqustun 21-dən sentyabrın 21-dək keçirilən “Sülh aylığı” barədə məlumat verib. Oxuculara xidmət şöbəsinin işçisi A.Cəfərova və oxu zalının müdiri İ.Rəhmətullayeva mövzuya dair məruzələrlə çıxış ediblər. Çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda təhlükəsizliyə ən böyük maneə olduğu, təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədiyi, dünya birliyinin də buna seyrçi qaldığı vurğulanıb.