27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda tədbir keçirilib. Burada nümayiş olunan xalq tətbiqi sənəti nümunələri, taxtadan hazırlanmış məişət əşyaları, rayonun tarixini özündə əks etdirən qədim əşyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Müğənnilərin çıxışları rayon sakinlərinə xoş istirahət bəxş edib. Sonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova tədbirdə fərqlənənlərə hədiyyələr təqdim edib.
* * *
Dünya Turizm Günü ilə əlaqədar Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa təşkil olunub. Muzeyin direktoru Xalis Məmmədov əlamətdar günün tarixi haqqında məlumat verib, yerli və xarici turistlərin muzeyə maraq göstərməsindən söz açıb. Bildirib ki, rayona gələn turistlərin əksəriyyəti muzeyə baş çəkir, burada qorunan maddi mədəniyyət nümunələri ilə tanış olurlar. Rayon haqqında müfəssəl məlumat əldə edən turistlər bölgənin gəzməli-görməli məkanlarını ziyarət edirlər.