1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 30-da Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda tədbir təşkil olunub.

14 nömrəli uşaq musiqi məktəbinin təşkil etdiyi tədbirdə ilk olaraq pansionatın direktoru Qətibə Əsədova çıxış edərək bu diqqətə görə tədris ocağının kollektivinə minnətdarlığını bildirib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək, bütün ahıllara uzun ömür, cansağlığı arzulayıb, dövlətimizin həmişə yaşlı nəslin qayğısını çəkdiyini vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, MTN Sabunçu İdarəsinin rəisi Faiq Nuriyev, Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, 14 nömrəli uşaq musiqi məktəbinin direktoru Nemət Mürsəlov çıxış edərək pansionat sakinlərini əlamətdar gün münasibətilə təbrik ediblər.
Sonda məktəbin kollektivi rəngarəng konsert proqramı təqdim edib. Məktəbin xalq çalğı alətləri ansamblının ifasında M.Maqomayevin "Azərbaycan" əsəri, fortepiano şöbəsinin şagirdi Zəhra Umudovanın ifasında T.Quliyevin "Qaytağı" rəqsi və "Koroğlu" operasından rəqs alqışlarla qarşılanıb.
Sonda 14 nömrəli uşaq musiqi məktəbinin adından pansionat sakinlərinə bayram sovqatları təqdim edilib.
* * *
Beynəlxalq Ahıllar Günü münasibətilə Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Elçin Cahangirov ahılları əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə ahıllara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bu dövlət qayğısı ildən-ilə artmaqdadır.