Ucarda tarix-diyarşünaslıq muzeyinin yeni binasının, Göyçay şəhərində uşaq musiqi məktəbinin açılışı olub
Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar və Göyçay rayonlarına səfər edib. Dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edib, həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işləri ilə tanış olub.
Prezident Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, ümumi sahəsi 650 kvadratmetr olan bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.
Zəngin tarixi irsə və geniş turizm potensialına malik Azərbaycanın bölgələrində bu cür muzeylərin yaradılması olduqca vacib məsələdir. Ucar şəhərinin mərkəzində orijinal layihə əsasında inşa olunan tarix-diyarşünaslıq muzeyinin yeni binası xüsusi dizaynı ilə də diqqəti çəkir.
Muzeydə həm ölkəmizin, həm də Ucarın tarixini əks etdirən və turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə böyük diqqət göstərilir.
* * *
Prezident Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin binasının açılışında da iştirak edib.
Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində qayğı gündən-günə güclənir və bu sahədə çalışanların iş şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılıb, çoxlu mədəniyyət və incəsənət obyekti tikilərək istifadəyə verilib.
Göyçay şəhərində inşa olunmuş uşaq musiqi məktəbinin ikimərtəbəli binasının ümumi sahəsi 650 kvadratmetrdir. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, həmçinin bu sahəyə göstərdikləri diqqət və qayğını nümayiş etdirən fotolar var. Binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.
Məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Təhsil müddəti 5-7 ildir.