Oktyabrın 9-da Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir Bəxtiyar Vahabzadənin 90 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli sərəncamına uyğun olaraq təşkil edilib.
İştirakçılar əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova açıb. Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, institutun aparıcı elmi işçisi Rasim Nəbioğlu, AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli və başqaları çıxış ediblər.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən Şamaxının 2015-ci ildə "Azərbaycanın Ədəbiyyat Paytaxtı" elan olunduğunu, Xalq şairinin yubiley tədbirinin bu çərçivədə gerçəkləşməsinin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, ölkə Prezidentinin sərəncamları ilə görkəmli şəxsiyyətlərin yubileylər tədbirləri keçirilir. Ölkəmizdə yaradıcılıq mühitinin, zəngin ənənələrinin dəstəklənməsi və inkişaf etdirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Sonda Elmi-Metodik Mərkəz tərəfindən dəyirmi masa iştirakçılarına B.Vahabzadənin "Ömür qatarı" kitabı hədiyyə olunub. Mərkəz tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətin nümayəndələrinin iştirakı ilə hazırlanmış müxtəlif metodiki vəsaitlər rayon mədəniyyət müəssisələrinin rəhbərlərinə təqdim edilib.