Oktyabrın 10-da AMEA Folklor İnstitutu, İsmayıllı Rayon İcra Hakimiyyəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq Elmi-Metodik Mərkəzinin iştirakı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsində “Multikulturalizm və Azərbaycan folkloru” mövzusunda tədbir keçirilib. Tədbirdə rayonda yaşayan azsaylı xalqların mədəni dəyərlərinin, adət-ənənələrinin, sənət və peşə sahələrinin qorunması, folklorunun toplanması və tədqiqi məsələləri müzakirə edilib.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu “Multikultural Azərbaycan və folklor”, Mədəniyyətşünaslıq Elmi-Metodik Mərkəzinin direktoru Asif Usubəliyev “Mədəniyyətlərarası dialoq və folklor”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Vidadi Rzayev “Ölkəmizdə multikulturalizm və tolerantlıq” mövzusunda məruzələrlə çıxış ediblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Olqa Jabinanın “İvanovka kəndində yaşayan malakanların həyatı, məişəti və folkloru”, Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədlinin “İsmayıllı bölgəsinin folklorunda multikulturalizm təmayülləri” və digər mövzularda məruzələr dinlənilib.
Qərara alınıb ki, Lahıcda bölgənin etnik folklorunun toplanması işinin mərkəzləşmiş qaydada həyata keçirilməsi üçün Folklor İnstitutunun yerli nümayəndəliyi yaradılsın. Tədbirin sonunda Lahıc qəsəbəsinin, eləcə də Mollaisaqlı, Sumağallı, İvanovka kəndlərinin folklor qruplarının çıxışları maraqla qarşılanıb.