Azərbaycanın tarixində və hərb salnaməsinə böyük iz qoyan general Səməd bəy Mehmandarovun 160 illik yubileyi Gəncədə təntənə ilə qeyd olunub. Müdafiə Nazirliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, Prezident İlham Əliyevin görkəmli sərkərdənin yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən söz açılıb.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin obrazları canlandırılıb, onların həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev çıxışında ölkəmizin sosial-iqtisadi inkişafından, ordu quruculuğundan danışıb.
Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani görkəmli sərkərdənin Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri kimi fəaliyyətindən bəhs edib. Vurğulanıb ki, bu gün xalqımız haqlı olaraq belə generallarımızla fəxr edir və onların adlarını yaşadır.
Yubiley tədbirində əsgərlərin nümunəvi keçidindən sonra Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən videoçarx təqdim olunub.
Sonda Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov çıxış edərək vurğulayıb ki, Azərbaycanın hərb tarixində öz yeri və xidmətləri olmuş Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti indiki nəslə örnəkdir.