İş yerini hər kəsin ikinci evi adlandırırlar çox vaxt. Məncə, doğrudan da, bu belədir. Ona görə də biz çalışdığımız kollektivdə iş yoldaşlarımızı özümüzə yaxın hesab edir, sevincimizi, kədərimizi bölüşürük. Bu qarşılılıq diqqət və hörmət şəraitində işə də daha həvəslə yanaşır, daha çox işləmək istəyirik.
Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İslam Bağırov da belə insanlardan biri idi. Mən İslam müəllimi 2004-cü ildən - rayon Mədəniyyət və Turizm Şöbəsinə işə başladığı gündən tanıyıram. 1978-ci ildən, Köhünlü kənd Mədəniyyət evinin direktoru işlədiyi vaxtdan ömrünün sonunadək işinə ürəkdən bağlanmış, həm kənd Mədəniyyət evinin və həm də rayon Mədəniyyət və Turizm Şöbəsində işlərin günün tələbləri səviyyəsində qurulması üçün var qüvvəsi ilə çalışmışdır.
İşinin azlığından, çoxluğundan asılı olmayaraq, hər bir işçiyə diqqət və qayğı göstərməyə, onların arzu və istəklərinə hörmətlə yanaşmağa vaxt tapardı. Onun itkisi məni daha çox sarsıtdı. O həm də mənim ən yaxın məsləkdaşlarımdan biri idi. Çap olunan hər bir məqaləmə xüsusi dəyər verər və daim məni yeni yazılar yazmağa ruhlandırardı. Onunla söhbət etməyi, ondan dəyərli məsləhətlər almağı çox xoşlayardım. İşlərdən, planlardan o qədər böyük maraqla danışardı ki, mənə elə gəlirdi ki, İslam müəllim danışmır, nə isə qurur, yaradır, nə isə ucaldır. Bu ucalıqda nələr yox idi? Əsl insan üçün nə lazımdırsa, hamısı var idi bu ucalıqda - xeyirxahlıq, düzlük, saflıq, dəqiqlik... Bu ucalığa yüksəlmək isə hər kəsə nəsib olmur, məncə! Bu ucalığa əməli, əqidəsi düz olan insanlar ucala bilər yalnız.
Fəqət, ölüm!!! Heç kimin gözləmədiyi bir anda gəldi bu amansız ölüm! Arzularının, istəklərinin çox olduğu vaxtda haqladı onu.
Ölüm, nə üçün sən bəzən dəyərli, yaxşı insanların qapısını tez döyüb, onların xoş niyyətlərini yarıda qoyursan?! Ay ölüm, sən öz gücünə, qüvvənə güvənib, onu insanlara göstərməklə qürurlanırsan sanki. Amma onu bilmirsən ki, insanlar həyatdan cismani köçsə də, bəziləri doğmaları üçün, bəziləri də öz el-obası üçün mənəvi baxımdan ölməzlik qazana bilir çox zaman.
El-obanın hörmət və məhəbbəti insanlara birdən verilmir, insan onu doğru əməli ilə özü əldə edir, sevilir. İndi İslam müəllimin yazı masasının üzərinə qırmızı qərənfillər qoyulub. Kim bu masanın qarşısında dayanırsa, ancaq onun xeyirxahlığından, insani keyfiyyətlərindən, bilik və bacarığından danışır. Amma hələ də İslam müəllimin yoxluğunu çoxları qəbul edə bilmir. Mən həmin masanın qarşısında dayananda düşündüm ki, sanki o, harasa gedib, bir müddətdən sonra qayıdıb yenə öz işini davam etdirəcək. Çox qəribədir ki, mən bu sözləri bir çox mədəniyyət işçilərindən də eşitmişəm. Heç kim onun ölümü ilə barışmaq istəmir...
Allah sənə rəhmət eləsin, İslam müəllim. Dünyadan köçən insanlara yerin cənnətlik olsun deyirlər. O elə bu dünyada öz cənnətini qazandı...

Məryəm Əliyeva,
Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar