Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün növbəti maarifləndirici turlara noyabrın 16-da start verilib.
Ekskursiya turlarının dördüncü mərhələsində respublikanın 32 şəhər və rayonundan 1120 şagird üçün turlar müəyyən olunmuş qrafik üzrə 4 istiqamətdə (Gəncə-Şəmkir-Göygöl, İsmayıllı-Qəbələ-Şəki, Lənkəran-Astara-Lerik və Quba-Qusar-Xaçmaz) həyata keçirilir.

* * *
Layihə çərçivəsində Gəncə şəhəri, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının şagirdləri və onların müəllimləri cənub bölgəsinə səfərə çıxıblar.
Qonaqlar ilk olaraq Lənkəran şəhərində qarşılanıb. Lənkərandakı hotellərdə yerləşdirilən tur-aksiyanın iştirakçıları Heydər Əliyev parkında, Heydər Əliyev Mərkəzində olublar, şam yeməyindən sonra müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Noyabrın 17-də Gəncə şəhərindən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarından olan məktəblilər Lənkəranın, Qazax, Ağstafa və Tovuz rayonlarının şagirdləri isə Lerik və Astara rayonlarının tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.
* * *
Tur-aksiya çərçivəsində Biləsuvar, Cəlilabad, Salyan və Masallı rayonlarının məktəbliləri Gəncəyə gəliblər. Zəfər tağı qarşısında qarşılanan aksiya iştirakçıları Heydər Əliyev adına park-komplekslə tanış olublar. Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəliblər, burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən guşələrə baxıblar. Noyabrın 17-də maarifləndirici tur-aksiyanın iştirakçıları Gəncənin tarixi və mədəni abidələri ilə yaxından tanış olublar.
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Astara, Lənkəran və Lerik məktəblilərinin ilk dayanacağı isə Şəmkir olub. Tur-aksiya iştirakçılarına rayonun tarixi, mədəniyyəti, turizm potensialı barədə geniş məlumat verilib. Qeyd edilib ki, dördgünlük aksiya zamanı onlar Gəncə və Göygöllə yanaşı, Şəmkirdə də bir sıra maraqlı ekskursiyalarda olacaqlar.
* * *
Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan ümumilikdə 300-ə yaxın məktəbli qatılıb.
Məktəblilər Qubadakı Heydər Əliyev adına parkda qarşılanıblar. Sonra onlar Heydər Əliyev Mərkəzində və Gənclər Mərkəzində olublar. Məktəblilərin ekskursiya proqramına Qusar, Quba və Xaçmaz rayonlarının tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerlərlə tanışlıq daxildir.
* * *
Noyabrın 16-da Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan məktəblilər İsmayıllı-Şəki-Qəbələ marşrutu üzrə ekskursiyaya yola düşüblər.
Tur-aksiya çərçivəsində məktəblilər dörd gün ərzində şimal-qərb rayonlarını gəzəcək, buradakı qədim tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerlərlə yaxından tanış olacaqlar. Məktəblilər tur-aksiyanın gedişi ilə bağlı tam təlimatlandırıldıqdan sonra rahat avtobusla yola salınıb.
* * *
Qeyd edək ki, “Ölkəmizi tanıyaq” layihəsi ötən ildən həyata keçirilir. Bundan öncəki üç mərhələ üzrə turlarda ölkəmizin 53 şəhər və rayonundan 3680 nəfər şagird iştirak edib.