“Uşaq hüquqları aylığı” ilə bağlı tədbirlər

Noyabrın 13-də Qazax rayon Mərkəzi kitabxanası Mehdi Hüseyn adına məktəb-liseydə Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş görüş keçirib. Tədbir ölkəmizdə “Uşaq hüquqları aylığı” (20 oktyabr - 20 noyabr) çərçivəsində təşkil olunub.
Müəllimə Nərmin Yusifovanın sinfində keçirilən görüşdə Mərkəzi kitabxananın direktoru Solmaz Babanlı uşaqlara BMT-nin Uşaq Hüquqları Konvensiyası haqqında qısa məlumat verib. Şagirdlər “Biz xoşbəxt uşaqlarıq” mövzusunda şeirlər söyləyiblər. Sonda “Sənin hüquqların” başlıqlı sərgiyə baxış olub.
* * *
Noyabrın 14-də İsmayıllı rayon Uşaq kitabxanasında “Uşaq hüquqları aylığı” münasibətilə tədbir keçirilib. Uşaq şöbəsinin müdiri Rəna Süleymanova dövlətimizin uşaqlara göstərdiyi qayğıdan, onların hüquqlarının necə qorunmasından söhbət edib. Uşaqlar “Uşaq Hüquqları Konvensiyası” ilə təlimatlandırılıb. Sonra uşaqlara əvvəlcədən tərtib olunmuş Konvensiya haqqında test tapşırıqları verilib, müzakirələr aparılıb. Fərqlənən uşaqlar mükafatlandırılıb.
* * *
İmişli rayon MKS-də “Uşaq hüquqlarını qoruyaq” adlı “Hüquq mərkəzi” və “Nağıl evi” təşkil olunub. “Nağıl evi”ndə hər həftənin bir günü uşaq bağçaları və orta məktəblərin 1 və 4-cü sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilir. Kitabxanada “Uşaqlar bizim gələcəyimizdir”, “Uşaqların maraq dairəsi”, “Azərbaycan - yurdum mənim”, “Tarixi öyrənək”, “Dünyanı verək uşaqlara”, “Yeni kitablar” başlıqlı sərgilər təşkil olunub.