Noyabrın 14-də AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin aran regional şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Atakişili kənd orta məktəbində klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, maarifçilik ideyalarının təbliğatçısı Seyid Əzim Şirvaninin 180 illiyi münasibətilə ədəbi-bədii tədbir keçirilib.
Toplantı bir çağlar Seyid Əzimin rəhbərlik etdiyi “Beytüs-Səfa” ədəbi məclisi quruluşunda təşkil olunub.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı ədibin həyat və yaradıcılığından danışıb.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Qəniyev, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar mədəniyyət işçisi, Şirvan Aşıqlar Birliyinin sədri Ağamurad İsrafilov, Əməkdar artist, diktor Eldost Bayram, Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Mehman Mikayılov, kaman ifaçısı Cahandar Mikayılov iştirak ediblər.
Professor Seyfəddin Qəniyevin yeni çapdan çıxmış “Seyid Əzim Şirvani ocağı” və “Şirvanın 565 şairi” kitabları tədbir iştirakçılarına təqdim olunub.
Musiqili ədəbi-bədii məclisdə S.Ə.Şirvaninin qəzəlləri muğam üstə oxunub, şeirlərindən örnəklər səsləndirilib.

S.Soltanlı