70 illik ömrünün 50 ilindən çoxunu səhnədə keçirən, 18 nəvəsi, 3 nəticəsi olan Sarvan kənd mədəniyyət evinin müdiri, tanınmış aktyor Cahangir Qaraşov bu gün də gənclik eşqi ilə səhnədə coşub çağlayır. Salyan rayonunda elə mədəni-kütləvi tədbir olmaz ki, orada iştirak etməsin. Deyir ki, mən səhnəsiz yaşaya bilmərəm.
Kənd mədəniyyət evində hazırda 5 bədii özfəaliyyət kollektivi var. Bu kollektivlər rayonda, eləcə də respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə vaxtaşırı iştirak edirlər.
C.Qaraşov indiki Mədəni-Maarif Kollecini və Mədəniyyət və İncəsənət Universitetini bitirib. Əmək fəaliyyətinə rayonun Şorsulu kəndində klub müdiri kimi başlayıb. 1966-cı ildə Azərbaycan Televiziyasına rejissor köməkçisi kimi dəvət olunub. 1967-1972-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor işləyib. 1972-ci ildə rayon Mədəniyyət evində kukla dərnəyi yaradıb. Dərnək 1975-ci ildə kukla xalq teatrı, 1994-cü ildə isə dövlət kukla teatrı statusu alıb. C.Qaraşov teatra baş rejissor təyin edilib. 1997-ci ildən Sarvan kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışır.
Ötən illərdə müxtəlif mükafatlar, İspaniyada dünya folklor festivalında laureat adı qazanıb. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri mədəniyyət işçisi» döş nişanına, 2014-cü ildə ölkə başçısının sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.
Ömrünün 70-ci ilində də yorulmadan səhnə fəaliyyətini davam etdirir, gənclərə örnək göstərilir. Biz də deyirik, ömür deyir qocalmısan, səhnə deyir yaşa hələ.
Lətif Zərbəliyev,
Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi