Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində şəhərdəki 2 saylı uşaq musiqi məktəbinin açılışı keçirilib.
Dövlət başçısına məlumat verilib ki, musiqi məktəbi 1987-ci ildə yaradılıb. Məktəb binasının darısqallığı son vaxtlar burada tədrisin müasir səviyyədə qurulmasına əngəl törədirdi. Bunu nəzərə alaraq muxtar respublika rəhbərliyi məktəb üçün yeni bina tikilməsi haqqında qərar verib.
Ümumi sahəsi 2540 kvadratmetr olan 4 mərtəbəli yaraşıqlı bina qısa müddətdə ucaldılıb. Burada 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnəcək. 4 şöbədə 7 ixtisas üzrə tədris aparılacaq. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqla təchiz edilib.