Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Zaqatala rayonunda Suvagil kənd mədəniyyət evinin “Ceyranım”, Dağlı kənd mədəniyyət evinin “Lilay“, Makov kənd mədəniyyət evinin “Hudulki” folklor rəqs kollektivlərinin və Zaqatala rayon mədəniyyət evinin “Kəndirbazlar” qrupunun çıxışlarından tərtib olunmuş DVD diskinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva açıb. Sonra Elmi-Metodik Mərkəzin İnnovasiyalar və yeni texnologiyalar şöbəsinin müdiri Cabbar Süleymanov Zaqatala folklor kollektivlərinin repertuarından ibarət bu layihə haqqında danışıb.
AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli “Şimal-qərb bölgəsində mahnı və rəqslərin ritual (mərasim) qaynaqları” və Dağlı kənd mədəniyyət evinin direktoru Elmira İsmayılova məruzələrlə çıxış ediblər.