Tarix yaşandıqca, illər bir-birini əvəz etdikcə hər şey yeniləşir, öz məcrasına düşür. Lakin dünyada elə adlar, imzalar var ki, onların təkrarı bir də doğulmayacaq. Bu möcüzələrdən biri olan Yer kürəsinin hər bir nöqtəsində Azərbaycanı tərənnüm edən ecazkar duyumu ilə, ovsun dolu səsi ilə qəlbləri riqqətə gətirən Rəşid Behbudovdur.
Dekabrın 14-də sənətkarın anadan olmasının 100-cü ildönümündə Zaqatala rayonunun Yuxarı Tala kənd Mədəniyyət evində keçirilən “Rəşid adlı bir möcüzə” adlı tədbirin əsas qayəsi də bu nurlu simanın sənət möcüzəsi, dünya şöhrəti idi. Çıxış edənlər sənətkarın ürək ovsunlayan, könül oxşayan melodiyaları ilə dünyanı dolaşdığını, mədəniyyətimizi, eləcə də doğma Azərbaycanımızı hər yerdə tanıdıb sevdirdiyini bir daha vurğuladılar. Ekranda “arşınmalçı” Əsgər, “talesiz” Balaş, “müğənni və neftçi” Bəxtiyar gəldikcə o məlahətli səs sahibinin nələrə qadir olduğunun bir daha şahidi olduq və ürəyimizdə Rəşid adlı möcüzənin xoş xatirələrini yada saldığımız üçün bir rahatlıq hiss etdik...
Xacay İbrahimova
Zaqatala rayon Yuxarı Tala kənd Mədəniyyət evinin direktoru