Kürdəmirin mədəniyyət ocaqları əhalinin asudə vaxtının təşkilində fəal iştirak edir

Son illər ölkəmizin regionlarında mədəniyyət müəssisələrinin təmir-bərpası, yeni mədəniyyət ocaqlarının istifadəyə verilməsi, maddi-texniki təchizatı, iş şəraitinin yaxşılaşdırılması əhaliyə mədəni xidmətin səviyyəsinin yüksəldilməsinə də zəmin yaradır. Bu sahədə Kürdəmir rayonunda mühüm işlər həyata keçirilir.

Dekabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşlarla görüşdən sonra rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm Qalereyasının, Mərkəzi kitabxananın fəaliyyəti ilə tanış oldu. Nazir muzeydə və qalereyada eksponatların qorunması, təbliği, əhalinin bu mədəniyyət ocaqlarına cəlb olunması ilə bağlı tapşırıqlar verdi. Kitabxananın uşaq şöbəsində yaradılan səliqə-sahmanı, nümunəvi xidməti xüsusilə təqdir edən Əbülfəs Qarayev kitabxananın yeni nəşrlərə və uşaq ədəbiyyatına olan tələbatının nəzərə alınacağını, lazımi kitabların veriləcəyini bildirdi.
Rayonun mədəniyyət müəssisələri mədəni-kütləvi tədbirlərdə, əhalinin asudə vaxtının təşkilində fəal iştirak edirlər.
* * *
Rayondakı Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binası müasir üslubda inşa olunub. Burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitablar və müxtəlif tarixi sənədlər sərgilənir. Həmçinin elektron kitabxana, tədris, poeziya otaqları, 300 nəfərlik konfrans zalı, xarici dil kursları da ən müasir səviyyədə tərtib edilib. Rəqs, heykəltəraşlıq, xalçaçılıq dərnəkləri, rəsm studiyası, 3D kinozalı, internet kafe və fotostudiya da insanların xidmətindədir.
* * *
Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyi 33 il öncə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. Ümumi sahəsi 400 kvadratmetr olan muzeydə əsaslı yenidənqurma işləri aparılıb, mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Muzeyin 4 salonunda 7 bölmədə 4 mindən çox eksponat nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir. Ərazidə aparılmış arxeoloji qazıntıları əks etdirən materiallar da böyük maraq doğurur. Vaxtilə rus çarı II Nikolayın Kürdəmirdəki şərab zavodunun açılışında iştirakını əks etdirən foto da tarixiliyi ilə diqqəti cəlb edir. Burada həmçinin XX əsrin əvvəlinə aid eksponatlar, erməni terroruna, 1918-ci ildə daşnakların Kürdəmirdə törətdikləri qırğınlara həsr olunan çoxlu sayda foto və sənədlər toplanıb.
* * *
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 49 kitabxananı birləşdirir. 1938-ci ildə fəaliyyətə başlayan Mərkəzi kitabxana şəhər əhalisinin asudə vaxtlarının səmərəli təşkilində, sorğu və tələblərinin ödənilməsində yaxından iştirak edir, onlara kitabxana-informasiya xidməti göstərir. Kitabxanaların fondunda ümumilikdə 280 min nüsxədən çox ədəbiyyat var. MKS üzrə oxucuların sayı 35 mindən çoxdur.
Mərkəzi kitabxananın uşaq şöbəsi məktəbyaşlı uşaqların dünyagörüşünün formalaşması, onlarda vətənə, xalqa, torpağa məhəbbət hissinin aşılanmasında öz vəzifə borcunu layiqincə yerinə yetirməyə çalışır. Uşaq kitabxanasının işçiləri tez-tez bağçalarda nağıl saatları, məktəblərdə isə yeni kitabların təqdimatlarını keçirirlər.
* * *
2002-ci ildə yaradılan Kürdəmir Dövlət Rəsm Qalereyasında hazırda 92 əsər nümayiş olunur. Onların sırasına 43 rəngkarlıq, 34 qrafika, 13 kino, teatr dekorasiyası, 4 dekorativ-tətbiqi sənət əsəri və s. nümunələr daxildir.
* * *
Kürdəmirdə turizmin inkişafı üçün də imkanlar var. Rayon ərazisindən Kür, Girdiman və Ağsu çayları keçir, çay və balıqçılıq turizmini inkişaf etdirmək üçün şərait mövcuddur. Yeri gəlmişkən, çay turizmi ilə bağlı təşəbbüs nazirlə görüşdə də səsləndirildi və təqdirlə qarşılandı. Rayon ərazisində radon və yod maddələri ilə zəngin mineral su mənbələri də var. Eyni zamanda tarixi, arxeoloji abidələr də turistlərin marağına səbəb ola bilər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar