Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 3800 kitabxana və kitabxana filialı var. Onlardan 74-ü paytaxtda fəaliyyət göstərir. Xatırladaq ki, Azərbaycan Prezidenti 20 aprel 2007-ci ildə Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında sərəncam verib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabxanalarının informasiya inkişafi və modernləşdirilməsi (2008-2013-ci illər üçün) dövlət proqramı hazırlanıb və həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova özünü doğrulda bilməyən kitabxanaların birləşdirələcəyini bildirib: "Kitabxanalar bağlanmır, özünü doğrulda bilməyən, oxucu cəlb edə bilməyən kitabxanalar birləşdiriləcək. Azərbaycanda mərkəzləşdirilmiş kitabxanaların simasında, müasir mədəniyyət mərkəzləri yaranacaq. Kəndlərdə isə yeni metod tətbiq olunaraq model kənd kitabxanaları yaradılacaq.
" L.Məmmədovanın sözlərinə görə, nazirliyin nəzdində olan kitabxanaların avtomatlaşdırılması üçün də müəyyən işlər görülür. "Bu gün bizdə də bütün dünyada olduğu kimi əsas problem oxucu problemidir və kitabxanalar da oxucu cəlb etmək üçün yeni metodlardan istifadə edirlər. Bunu bacarmayan kitabxanaların taleyi isə sual altındadır. Əgər onlar öz piarları ilə məşğul ola bilmirlərsə, o qədər dövlət vəsaitini havaya sovurmaq olmaz. Bura əsasən kiçik kitabxanalar, kitabxana filialları və statistik rəqəmləri çox aşağı səviyyədə olan kitabxanalar daxildir. Statistik göstəricilərə əsasən, əgər bir kitabxanaya il ərzində 10 nəfər gəlirsə, deməli, bu kitabxana yaxşı işləmir və ona ehtiyac yoxdur".