Dövlət başçısı Beyləqan və Füzuli rayonlarında bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də bölgələrə səfər edib. Dövlət başçısı əvvəlcə Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün və Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Sonra Beyləqan rayon mərkəzinə gələn Prezident buradakı Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib. Dövlət başçısı Beyləqan şəhərində Gənclər Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var. Burada elektron kitabxana, oxu zalı, linqafon otağı, internet kafe, bədii gimnastika və rəqs zalları da gənclərin ixtiyarına veriləcək.
Prezident Beyləqan rayon mərkəzində şahmat məktəbinin, uşaq bağçasının açılışında da iştirak edib, təmir və yenidənqurmadan sonra şəhər stadionunda yaradılmış şəraitlə tanış olub.
Daha sonra Füzuli rayonuna gələn dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, şəhərdəki Bayraq meydanında yaradılan şəraitlə tanış olub. 10 hektar ərazidə salınan meydan və 68 metr hündürlüyündə dirəkdə dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Burada üç istirahət guşəsi yaradılıb.
Prezident Horadiz tikiş fabrikinin, şəhərdə inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında, 1993-cü ildə Horadizin işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində, Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib.

* * *
Prezidentin iştirakı ilə Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışı da keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xüsusi memarlıq üslubunda tikilən muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var.
Bildirilib ki, bu muzey 1981-ci ildə yaradılıb. 1993-cü ildə Qarabağ müharibəsinin gedişində muzeyin 7 mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı İstiqlal Muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmış çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin filialını açıb. Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilik ənənələrinin müxtəlif dövrlərinə işıq salan 1000-ə yaxın eksponat var.
Muzeydə Azıx mağarasının maketi və ibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bu eksponatlar vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub. Muzeyin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik xüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlif dövrlərində Füzuli sakinlərinin həyat tərzini və məişətini əks etdirən eksponatlar da sərgilənir. Dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir.
Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağ müharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqında məlumatların toplandığı muzeydə “Qələbə qığılcımı” başlığı altında xüsusi bölmə də yaradılıb. Burada Füzuli rayonundan olan Milli Qəhrəmanların həyatı, onların döyüş yolu, ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində rayonun işğaldan azad olunan 22 kəndi, o cümlədən Horadiz şəhəri və ötən dövrdə bu ərazilərdə aparılan bərpa, yenidənqurma işləri barədə məlumatlar verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar