Oktyabrın 1-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Qılman İlkinin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Azərbaycan Respublikası Prezidentinin "Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən təşkil olunan gecədə ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər təqdim olunacaq, "Dan ulduzu" instrumental ansamblının və sevilən müğənnilərin ifasında musiqi parçaları səslənəcək.
"Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" kimi kitabların müəllifi olan Qılman İlkin ədəbiyyat tariximizdə özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində fəaliyyət göstərib. Yazıçı zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr verib.
Qılman İlkin ədəbiyyat sahəsində xidmətlərinə görə dövlət təltiflərinə, orden və medallara, "Xalq yazıçısı" fəxri adına layiq görülüb.

* * *
Sentyabrın 30-da Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıcısı Qılman İlkinin 100 illiyinə həsr olunmuş kitab sərgisi açılıb. Sərgidə yazıçının müəllifi olduğu kitablar, dövri mətbuatda gedən yazıları,yazıçı haqqında dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.