Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək. Qarabağ muğam məktəbinin böyük sənətkarları sırasında yer tutan Keçəçioğlu Məhəmməd klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi mədəniyyət xəzinəmizə qiymətli töhfələr verib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən təşkil olunan gecədə sənətkarın ömür yolundan söz açılacaq, xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, eləcə də Qocaq Əsgərov, Güllü Muradova, Səbinə Ərəbli, Elnur Zeynalov, Aytən Məhərrəmova, Vüsalə Musayeva və başqa xanəndələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq.