Xəbər verdiyimiz kimi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində oktyabrın 10-dan 17-dək “Avropa irs günləri” layihəsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək. Ölkəmizdə “Avropa irs günləri”nin qeyd edilməsi ilə bağlı oktyabrın 11-12-də mühüm mədəniyyət ocaqları ödənişsiz xidmət göstərəcək. Bu siyahıya Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət təsisatları daxildir.
Qeyd olunan tarixdə Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, "Qobustan" Milli Tarix-Bədii Qoruğu, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu, “Kiş” tarix-memarlıq qoruğu (Şəki) və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “açıq qapı” elan olunacaq.
Qeyd edək ki, “Avropa irs günləri” Avropa ölkələrində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər il layihə 50-dək ölkədə keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidəyə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.