Oktyabrın 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlin şəhərində I Avropa Oyunlarına həsr olunmuş təqdimat keçirilib.
Berlinin məşhur mədəniyyət mərkəzlərindən olan Bode Muzeyində təşkil olunan tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər.
Səfir Pərviz Şahbazov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsində layihələri, Almaniyada fəaliyyəti, ölkələrimiz arasında münasibətlərin inkişafından söz açıb.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər, ölkəmizin bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb.
Nazir tədbir iştirakçılarına 2015-ci ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə ətraflı məlumat verib, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu I Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən bəhs edib.
I Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib. Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Almaniyanın dövlət katibləri, Bundestaqın deputatları, tanınmış siyasi xadimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirak ediblər.