"Verilişin müəllifi Telman Qarayev", "verilişin redaktoru Telman Qarayev" , "verilişi aparırdı - Telman Qarayev"... Bu ecazkar səs milyonlarla radio dinləyicisinin xatirindədir.
Ötən əsrin 60-90-cı illərinin radio salnaməsində bu insanın ömrünün 45 ilinin izlərini görürük. Radiomuzu yaşadan peşəkar kimi şöhrət qazanmış əməkdar jurnalist Telman Qarayev bu gün də yazıb-yaratmaq həvəsi ilə yaşayır. Amma...
Yenə həmin səs
Onun taleyindən xəbərim vardı. Məqam axtarırdım ki, həmsöhbəti olum.
Qapısını döydüm, "Kimdir?" səsi çox gec gəldi. Bu həmin səs idi ki, bir vaxtlar onu qapıdan yox, milyonların dinlədiyi Azərbaycan Radiosundan eşidərdik...
Qəzetdən gəldiyimi eşitcək, qapını açdı. Məni içəri dəvət etdi.
Yatımlı-yapışıqlı səsi, peşəkar dil-üslubu məni ötən əsrin 60-90-cı illərinə apardı.
Mətbuat işçilərindən çox razıyam, - dedi. ("Azərbaycan", "İki sahil", "Paritet", "525-ci qəzet", "Ədalət" qəzetlərinin adlarını çəkdi). Çox sağ olsunlar, mənə tez-tez yoluxurlar.
"Mədəniyyət" qəzeti də mənim üçün doğmadır. Bir vaxtlar radioda, "Ədəbiyyat və incəsənət" qəzetində əsasən mədəniyyət mövzularını işıqlandıran bir həmkarınız kimi, sizin gəlişiniz mənim üçün toy-bayramdır.
Onun ömür yolu
1934-cü ildə Ağdamın Sarıcalı kəndində dünyaya göz açan Telman Qarayev ömrünü jurnalistikaya həsr edib. Canı qədər sevdiyi doğma vətəninə, xalqına çox bağlı olan Telman Fərman oğlu Qarayev ömrünün bu ahıl çağına qədər fədakar bir jurnalist ömrü yaşayıb. 45 illik fəaliyyəti dövründə radiomuzun efir salnaməsinə özünəməxsus səhifələr yazıb, milyonlarla dinləyici qəlbində həmsöhbət odası qurmağa çalışıb. Həyatın bütün keşməkeşlərində jurnalist adına hörmətlə, məsulliyyətlə yanaşıb, yuxusuz gecələr, əziyyətli günlər yaşayıb. Xalqına, dövlətinə sədaqətlə xidmət edib. Günü bu gün də radiomuzun gündəmindən düşməyən bir çox verilişlərin yaradıcısı olub. "Arzu" musiqi poçtu, "Ürək telləri", "Xalq inciləri", "Romans axşamı", "Gəzdim, gördüm obamı", "Ömrümüzdən keçən səslər", "Qərib axşamlar", "Xeyrə qənşər", "Dünya bir pəncərədir", "Ömür yolu", "Məktub həftəsi", "Borc", "Dünəndən bu günə" və başqa proqramlar Telman Qarayevin yaradıcılıq övladlarındandır.
Telman Qarayev Azərbaycanın nüfuzlu nəşrlərindən olan "Ədəbiyyat və incəsənət"də çalışdığı vaxtlarda istedadlı bir qəzet jurnalisti olduğunu da sübut edib. Ən çox sevdiyi mövzu isə mədəniyyətlə bağlı olub. Tez-tez görkəmli bəstəkar və müğənnilərdən müsahibələr almaqla yanaşı, hələ sənətdə ilk addımlarını atan, ortalığa çıxmağa çətinlik çəkən, kölgədə qalan istedadlı gənclərin də əlindən tutub, geniş oxucu kütləsinə təqdim edib.
Neçə illər Azərbaycanın musiqi həyatı Telman Qarayevin ovcu içində olub. Bəstəkarların, müğənnilərin, incəsənətin başqa sahələrində çalışan insanların yubiley yığıncaqlarından tutmuş, onların müşavirə, konfrans və qurultaylarında iştirak edib, oxucu və dinləyicilərinə isti-isti məlumat verib.
Səslər muzeyi
Telman müəllim öz evində bütün mətbu və efir fəaliyyətini əks etdirən muzey yaradıb. Şəxsi arxivində qəzet və jurnallarda çap etdirdiyi bütün materiallar səliqə ilə tikilib saxlanılır. Onun "Səslər muzeyi"ndə kimlərin səsi yoxdur! Səməd Vurğun, Qara Qarayev, Rəsul Rza, Fikrət Əmirov, Bülbül, Nazim Hikmət, Çingiz Aytmatov, Nəsibə Zeynalova, Barış Manço, Süleyman Rüstəm, Şıxəli Qurbanov, Aşıq Hüseyn Saraclı, Mirvarid Dilbazi, dünyaşöhrətli xarici incəsənət adamlarının - Dmitri Şostakoviç, Solovyov-Sedoy, Tixon Xrrennikov, Aleksandra Raxmutova, Rac Kapur, Arkadi Raykin... Bu səslərin sayı 4 mindən çoxdur...
Bu muzeydə çay şırıltısı, bulaq zümzüməsi, xəzan-xəzəl pıçıltısı, külək uğultusu, ildırımın şaqqıltısı kimi təbiət səsləri də qorunur. Quş nəğmələri, uşaq qığıltıları da var bu kasetlərdə. O, muzey "eksponatları" haqda şirin hekayətlər söylədi; amma, onu da qeyd etdi ki, bu səslər üçün, bu nadir səslərin sonrakı taleyindən narahatlığını bildirdi.
Gözümün nurunu itirməsinə, yaşının çox olmasına baxmayaraq, yazıb-yaratmaq eşqi ilə yaşayan Telman müəllim söhbət zamanı dedi ki, üçcildlik kitab yazmışam. Birinci hissə "Dünəndən bu günə" adlanır. Bu hissədə 60-70-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetində və başqa mətbu orqanlarda çap edilən, musiqinin təbliği ilə bağlı məqalələr böyük yer tutur. "Səslər karvanı" adlanan ikinci hissə bütövlükdə efir məkanına həsr olunub. "Bir də mən" adlandırdığım üçüncü hissədə isə öz həyat və yaradıcılıq yolum əks olunub. Ən böyük arzum bu kitabı çap etdirməkdir.
5 min səsdən biri
Maqnitafona bir kaset qoydu. Otağa ölməz sənətkarımız Rəşid Behbudovun səsi yayıldı.
Yurdum, yuvam məskənimsən, Azərbaycanım,
Anam, doğma vətənimsən, Azərbaycanım.
Bu mahnıya axıra qədər qulaq asdıq. Mahnı qurtaranda həmsöhbətim dünyaşöhrətli müğənni haqqında xatirələrini danışdı.
- Görüşümüz ölməz Rəşid Behbudovun doğum günü ərəfəsinə təsadüf edirdi. Dekabrın 14-dü onun ad günü idi. Rəşid Behbudov qədər sənətini, xalqını, millətini, vətənini sevən insanlar dünyaya tək-tək gəlir. Ondan söz qoparmaq çətin idi. Dəfələrlə zəng edirdim, onunla görüşmək istədiyimi bildirirdim, "hə"ni çox çətin alırdım.
Günlərin bir günündə də zəng edib görüşmək istədiyimi bildirdim. "Kukla Teatrına gəl" dedi. Hövlənak özümü ora yetirdim. Onda konsert proqramlarını Kukla Teatrında hazırlayırdı. Qapını açanda məni əlində vedrə qarşıladı. "Ay jurnalist qardaş, mənim günüm budu. Bu vedrəni daman yerlərə qoyub yağış sularını çölə tökürəm ki, otağımızı su basmasın. Mən hansı günümdən sənə danışım. Teatrı tikim qurtarım, ondan sonra sənə müsahibə verəcəm". Həmin vaxtlar Mahnı Teatrının tikintisi ilə məşğul idi. Gecə-gündüz çalışırdı ki, Mahnı Teatrını ərsəyə gətirsin.
Bir gün mənə zəng etdi ki, teatr hazırdır. Gələ bilərsən. Görüşünə getdim. Dörd saat söhbət etdik. Mahnı Teatrını başa gətirənə qədər çəkdiyi əziyyətlərdən danışdı. Söylədi ki, yeni proqram hazırlayır. Teatrın açılışında həmin proqramla çıxış edəcək. Çox təəssüf ki, bu ona qismət olmadı. Həmsöhbətimin səsində, simasında kədər hiss etdim.
Daha heç nə danışmadı.
Getmək istədiyimi bildirdim. Qapıya qədər gələn müsahibimlə xudahafizləşib ayrıldım. "Kollektivinizə mənim salamımı yetir" dedi.
Ayrılandan sonra yol boyu onun haqqında düşündüm. Düşündüm ki, gələn il 75 yaşı tamam olacaq bir insan hələ də mədəniyyətimiz haqqında düşünür, uzun illər topladığı dəyərli səslərin sonrakı taleyi haqqında narahatlıq keçirir. Düşündüm ki, bu dünyada belə, narahat adamların sayı çox olaydı!...
Fərahim Dünyamalıoğlu