A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı uşaqların Yeni ilinə və qış tətilinə əməlli-başlı tədarük görüb: yepyeni maraqlı tamaşa ilə. Bu barədə teatrın rejissoru, elə bu yeni tamaşanın quruluşçusu Elşad Rəhimzadə məlumat verdi. "Quyil şəhəri" və ya "Qış nağılı" adlanan bu tamaşanı məhz qış tətili üçün hazırladıqlarını deyən rejissor balacaları dekabrın 29-da teatra - ilin son premyerasına çağırdı: "Ron Havrdın məşhur hekayəsi əsasında səhnələşdirilən tamaşanı hazırlamaqda məqsədimiz uşaqlara əsl Yeni ili necə keçirməyi göstərməkdir.

Tamaşa və orada cərəyan edən hadisələr Yeni il əhval-ruhiyyəsində olduğundan uşaqların çox xoşuna gələcəyini düşünürük. Belə ki, hadisələrin cərəyan etdiyi Quyil şəhərində adi insanlar yoxdur, qəhrəmanlar hamısı elflərdir. Burunları, qulaqları bir az böyük, qəribə görkəmdə olan şəhər sakinləri arasında əsas qəhrəman Feridir. Bu, Yeni ili sevməyən bir obrazdır. Amma bədheybət və əzazil olduğuna baxmayaraq, bütün canlılar kimi onun da ürəyi var. Məhz bu həqiqəti ona çatdıran, yəni onun ürəyini özünə göstərən tamaşanın başqa bir qəhrəmanı balaca Studur. Qızcığaz istəyir ki, bu şəhərdə hamı bayram günü birgə olsun və Yeni ili birlikdə qarşılasın. Buna görə də böyük bir mağarada yaşayan Ferinin qəlbinə yol tapıb, onu şəhərə gətirir və bir çox sınaqlardan keçərək, onun da hamı kimi xeyirxah olmasına nail olur".


Tamaşanın karnaval ab-havasında olduğunu və kuklaların da məhz bu xarakter daşıdığını bildirən rejissor Yeni il bər-bəzəyinin qabarıq şəkildə nəzərə çatdırıldığını dedi: "Bu tamaşada qar yağmasından atəşfəşanlığa qədər bütün element və vasitələr olacaq. Ümumilikdə əsas məqsədimiz bizim uşaqlara Avropada yeni ilin necə qaşılanmasını bu ingilis nağılı ilə göstərməkdir".


Premyeranın dekabrın 29-da (saat 12:00, 14:00 və 16:00-da) baş tutacağını deyən E.Rəhimzadə tamaşaların yanvarın 6-dək davam edəcəyini, bütün azyaşlı teatrsevərlərin bu əsrarəngiz tamaşaya baxmaq imkanının olacağını da vurğuladı.


Avropa və klassik dünya musiqilərinin istifadə olunduğu səhnə əsərinin musiqi tərtibatı da E.Rəhimzadəyə məxsusdur. Tamaşanın rəssamı isə İqbal Əliyevdir.
Quruluşçu rejissor səhnə əsərində teatrın istedadlı aktyorları Hökümə Əbdürrəhimova (Feri), Səriyyə Mansurova (Stu), Teymur Ömərov və İqbal Əliyevlə yanaşı, özünün də rol da olacağını söylədi.


Bu tamaşanın ardınca, Yeni ildən etibarən məşhur Şərq nağılı "Əlibaba və qırx quldur" əsasında eyniadlı tamaşa hazırlayacaqlarını və bu səhnə əsərində bir sıra yeniliklər olacağını vəd etdi: "Bu tamaşa teatrın fasadından, yəni həyətindən başlayacaq. Tamaşaçılar teatr binasına daxil olmazdan qabaq tamaşanın iştirakçısına çevriləcək. Belə ki, pilləkənlərdən tamaşanın bazar səhnəsi - piştaxtalar, ticarət dükanları, ayı oynadanlar, bazar adamlarının toplandığı ərazidən karnaval şəklində başlayacaq və tamaşaçı ilə aktyorlar zala birgə daxil olacaqlar. Onu da qeyd edim ki, izləyicilər təkcə səhnədə yox, bütün yan-yörələrində, yarımdairədə dekorasiya görəcəklər.


Bu böyük tamaşa o üzərində bir ilə yaxındır çalışırıq. Artıq kostyumlar hazırdır. Özü də tamaşada kuklalarla yanaşı, canlı aktyorlar da səhnəyə çıxacaq. Səhnə əsəri gələn ilin martında tamaşaçıların ixtiyarına veriləcək".


Söhbət zamanı E.Rəhimzadə regionlardakı kukla teatrları ilə əlaqələr və qarşılıqlı qastrol səfərlərinin təşkili sahəsindəki problemə də münasibət bildirdi: "Mədəniyyət və Turizm Nazirliyinin bununla bağlı artıq müəyyən uğurlu planı var. Belə ki, bölgələrdəki kukla teatrları aktyorlarının, rəssamlarının təcrübə üçün bu teatra dəvət olunmasına xidmət edən addımın müəyyən bəhrə verəcəyini düşünürəm. Çünki əksər bölgə teatrları tamaşalarında hələ də marianet kuklalardan istifadə edirlər. Bunun da əsas səbəbi yalnız o kuklaları hazırlayabilmə imkanları ilə əlaqədardır. Biz bu sahədə onlardan irəlidəyik, artıq bir neçə janrda kuklalar hazırlamışıq. Onlarda əsas problem kadrla bağlıdır, Mədəniyyət və İncəsənət Universiteti məzunları demək olar ki, yoxdur. Ona görə də, kimlər ki var, - onları itirməmək üçün bizim təcrübədən yararlanmaq istəyirlər".


Qax Kukla Teatrının tamaşalarının digərlərindən seçildiyini deyən həmsöhbətimin fikrincə, ümumilikdə bu sənəti sevən adamın pul və savaddan öndə istedadının olması şərtdir: "Gərək yaratdığın kuklanı görəsən. Onu görməsən, tamaşaçıya da göstərə bilməzsən. Bir də gərək nəsə yeniliyə can atasan. Özü də burada kəmiyyətə yox, keyfiyyətə qaçmalısan. Köhnə sistemlə bir neçə tamaşadansa, yeni, orijinal səhnə işinin daha gərəkli olduğunu düşünürəm".


Kukla sənətinin qəliz və bütün teatr janrlarından maraqlı olduğunu bildirən rejissor istənilən halda insanın yalnız sevdiyi və qiymət verdiyi sənət sayəsində uğura imza atacağı qənaətindədir.


Bu gün balacaların kukla teatrlarına gəlib-gəlməməsi, müasir informasiya vasitələrinin, kompyuter oyunlarının bu əyani zövq dünyasını, dünyagörüş məkanını unutdurması probleminin son illər bir qədər aradan qalxdığını -tamaşaçı problemi yaşamadıqlarını dilə gətirən rejissorun fikrincə, bu məbədə marağı valideynlər oyatmalı, uşaqlarında teatr vərdişi aşılamalıdırlar. "Bu iş uşaq ikən düzgün qurulsa, valideyn əlindən tutub teatra gətirsə, sabah o uşaq öz yolunu daha düzgün müəyyənləşdirəcək. Çünki teatr insanlara həyat həqiqətlərini bütün istiqamətlərdən göstərib, onu kamilləşdirə bilən məbəddir".

Həmidə Nizamiqızı