Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin məşqləri başlayıb. N. B. Vəzirovun “Dələduz” səhnəciyi əsasında ərsəyə gələcək tamaşa bu teatrın tarixində ilk dəfə olaraq canlı musiqinin müşayiəti ilə təqdim olunacaq. Belə ki, bəhri-təhvillər, bədiyyələrlə zəngin olan tamaşanı milli musiqi alətlərimizin - tütəyin, sazın, nağaranın müşayiəti ilə canlı ifalar bəzəyir.
Səhnəcik həcmində olan pyesin normal səhnə əsərinə çevrilməsindən ötrü üzərində müasir tələblərə uyğun yaradıcılıq işi aparılaraq müvafiq əlavələr edilib. Bu kiçikhəcmli əsərin bədii dəyərini nəzərə alan və onun yaradıcılıq yükünü boynuna götürən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar artist Loğman Kərimov pyesi yeni variantda səhnələşdirib.
Bu dəyişmədə M. Ə. Sabirin və Səməd Mənsurun satirik şeirlərindən, eləcə də folklor nümunələrindən istifadə olunub.
Tamaşanın quruluşçu rəssamı Orxan Kərimov, musiqi tərtibatçısı Elnur Kərimov, plastik həlli isə Rasim Cəfərova məxsusdur.
Səhnə əsərində rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, aktyorlardan Elnur Kərimov, Günel Məmmədova, Rasim Cəfərov, Eyvaz İbrahimov, Ceyhun Məmmədov, Anar Seyfullayev, Cavid İbrahimov, Xaqani Əliyev, Niyaz Qasımov, Lalə Məmmədova və Sahilə Nəzərova ifa edəcəklər.
Gərgin məşqləri gedən tamaşa fevral ayının ikinci ongünlüyündə teatrsevərlərin müzakirəsinə veriləcək.