“Əbədiyyət dastanı” ilk dəfə əyalətdə səhnələşdirildi
  
   İnsan həyatını onun özündən yaxşı heç kəs dərk edə bilməz. İnsanın daxili vəziyyəti, əsl sirli həyatı bütövlükdə onun özünə məxsusdur. Əlbəttə, belə sirli, müşahidələrlə, münasibət və ziddiyyətlər burulğanından çıxmış, geniş təhlillərə ehtiyacı olan həyat əslində dahilərə daha çox məxsusdur və bu ömrü, onun keşməkeşli yollarını üzə çıxarmaq, mükəmməl bir səviyyədə təqdim etmək bacarığı da, şübhəsiz ki, dahiyanə tədqiqatçıların, mahir sənətkarların, görkəmli ədiblərin işidir.
  
   Xalq şairi Zəlimxan Yaqubun böyük vətənpərvərlik, yüksək pafos, zəngin insani amal və nəhayət, kövrək övlad məhəbbəti ilə qələmə aldığı “Əbədiyyət dastanı” poeması bu dahiyanəlik axarından süzülən əbədiyyət nəğməsidir. Bu gün ulu öndər Heydər Əliyev haqqında yazılan bütün bədii nəşrlərin, bəlkə də, ən zirvəsində duran iki hissədən ibarət olan bu məhəbbət dastanı mən deyərdim, hələ ki, əvəzsizdir. Zənn edirəm sona qədər də bu zirvə şair, vətəndaş, vətənpərvər, ictimai xadim Zəlimxan Yaqubun elə öz adı ilə də bağlı olacaq. Çünki şair poemanın bir yerində böyük qürur və inamla xatırladır:
  
   Bu dastanın toxumunu
   səpən sənsən,
   çiçəyini dərən mənəm.
   Yazacağam nə qədər ki,
   canda ruh var,
   ruhda can var.
   Bu dastanın hər sözündə,
   cümləsində,
   Səni sevən, səni duyan
   Zəlimxan var.
   Həsrətini çəkəcəyəm
   illər boyu,
   Kövrək qəlbim
   Oyum-oyum oyulacaq,
   Eşqin ilə yaratdığım
   bu dastanın
   son nöqtəsi
   mən öləndə qoyulacaq!
  
   Göründüyü kimi, müəllif çox cəsarətli, məsuliyyətli bir addım ataraq nəinki özünü, bütün dünyanı, bütün bəşəriyyəti dərk edən bir dahini, özündən sonra görkəmli yaradan tarixi bir şəxsiyyəti onun özündən də yaxşı dərk etməyə, tanımağa can atmış və bu azmış kimi fədakarlığını davam etdirmək, bu yoldan çəkinməmək fikrində olduğunu amiranə bir şəkildə öz oxucusuna vəd etmişdir.
   “Əbədiyyət dastanı”nın səhnəyə gətirilməsi, bəlkə də, əsərin öz müəllifi qədər güc, qüvvət, peşəkarlıq dərinliyi, ilahi qüdrət tələb edir. Özünə çox güvənən gənc rejissor, xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor Eldar Quliyevin sevimli tələbəsi, həmyerlimiz Əflatun Quliyev bu məsuliyyətin ağırlığını öz çiyinlərinə götürməklə “Əbədiyyət dastanı”nın obrazlarla ifadəsini işləyib hazırlamış və bu il Ulu öndərin anım günü ərəfəsində, mayın 5-də Heydər Əliyev muzeyində özünün eksperimental teatr studiyasının üzvü olan tələbələrin iştirakı ilə ilk tamaşasını rayonun ziyalılarına təqdim etmişdir.
   Dahi Heydər Əliyevin bir tarixə sığmayan həyat və yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən, özünəməxsus mənəvi dünyasından bəhs edən bu əsərin yalnız müəyyən, yaddaşımızda daha çox qalan hissələrini seçib tamaşaçılara çatdıra bilən rejissor Əflatun Quliyev XX əsrin sonu, XXI əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatının nəhəng simasının, ümummilli liderə çevrilmiş bir şəxsiyyətin əbədi varlığını təsvir edə bilmişdir.
   Tamaşa əvvəldən axıra qədər gərgin dramatizm və yüksək poeziya ilə müşayiət olunmuşdu. Gənc aparıcılar Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialının tələbələri Hacıbala Paşayev, Nofəl Məmmədov, Xaqani Əliyev, Gülnar Məmmədova, Rəvanə Mehbalıyeva, Səbuhi Cəlilov, Səmra Məmmədli, Təyyar Namazov, Yasəmən Məmmədova, Məzahir Dadaşov, Xəyalə Qəhrəmanova, və Pərvin Əsgərli əsərin müəllifi Zəlimxan Yaqubun xalq ruhuna çox yaxın olan zəngin poeziyasını o qədər rəvan, səlis, yüksək vətənpərvərlik pafosu ilə, monumental epik formada, müxtəlif üsullarla ifa edirlər ki, əzəmətli səhnəni xatırladan muzeyin yığcam tamaşaçı salonunda özünü çox rahat hiss edirsən, sanki Ulu öndərin həyatının axarı ilə sən də hərəkətə gəlirsən, onunla yaşayırsan, istər-istəməz özün də ürəyindən keçən ən ali arzularını bu böyük şəxsiyyətin ünvanına Zəlimxansayağı söyləmək istəyirsən.
   Təbiidir ki, “Əbədiyyət dastanı”nın səhnə quruluşu teatrsevərlərin geniş maraq dairəsində olacaqdır və gələcəkdə bu tamaşa böyük səhnə həyatını yaşamağa layiqdir. Obrazların ifaçıları olan tələbələr, başda quruluşçu rejissor Əflatun Quliyev olmaqla elə tamaşa yaratmağa çalışmışdır ki, onda ictimai mündəricə, xalqa, vətənə, torpağa bağlılıq, milli kolorit, qəhrəmanlıq, fədakarlıq motivləri parlaq surətdə əks olunur.
   Tamaşa şəkildən-şəklə düşdükcə zaman və məkan da dəyişir, şəxsiyyətlərin psixologiyasında kəmiyyət və keyfiyyət dəyişikliyi yaranır, hər an tədricən hadisələrin axarına uyğunlaşır. Əsərdə və tamaşada Ulu öndərin rəhbərlik təcrübəsində baş verən inqilabi dəyişikliklərdən, Azərbaycanın əsarət zəncirindən qopub dünyəvi bir dövlətə çevrilməsinin ayrı-ayrı məqamlarından, onun keçmiş SSRİ məkanında barmaqla göstərilən ilk rəhbər türk oğlu olmasından qürurla söhbət açılır. Müəllif və rejissor ona qısqanclıqla yanaşanları oxucu, tamaşaçı hədəfinə, qınağına tuş gətirməyi də məharətlə bacarır.
  
   “SSRİ yer üzünün yarısına
    sahib olan bir ölkədi,
   Azərbaycan bu ölkədə bir bölgədi,
   İndi gəlsin bölgənin bir adamı
   Bu ölkəyə rəhbər olsun?!
   Onda gərək bizdən ötrü
   Yediyimiz, içdiyimiz zəhər olsun”
  
   Tamaşada bütün yaradıcı heyət onları diqqətlə izləyən iştirakçıları fikirlərin dərinliyi ilə, səlis ifa tərzi, səliqəli mizanlarla, özlərinə məxsus jestlərlə məftun edir. Zəlimxan Yaqubun pafoslu şeirləri ilə aparıcılar bir tərəfdən Ulu öndərin inqilabi çılğınlığını, məqamında təmkinini, fenomen uzaqgörənliyini, zəngin erudisiyaya malik bir dünyəvi rəhbər olmasını təqdim edirlərsə, digər tərəfdən onun yaşadığı dövrlərə, cəmiyyətə münasibətini də aça bilirlər.
   Şair Zəlimxan Yaqub və tamaşanın quruluşçu rejissoru Əflatun Quliyev dünyanı heyran edən bir insanı - Ulu öndər Heydər Əliyevi vətənə, xalqına bağlı bir vətəndaş, mütəfəkkir bir ziyalı, dövlət xadimi, məhəbbətinə sadiq bir insan kimi hərtərəfli canlandırmışdır. Bununla yanaşı o, bütün məqamlarda xalqına bağlı, Azərbaycanlı olmağı ilə qürur duyan, vətənini, torpağını, millətini ana laylası qədər əzizləyən insan olaraq qalır.
   Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” geniş auditoriyaların müzakirəsində duran bir əsərdir. Əflatun Quliyev respublikamızda bu əsərə quruluş verən ilk rejissordur. O, bu əsərin tam həllini böyük səhnədə görmək həvəsi ilə ilk addım atdı və Cəlilabaddakı Heydər Əliyev muzeyində, əgər belə demək mümkünsə, Ulu öndərin “öz evində” buna nail oldu. Təbii ki, bu, səhnə deyildi, sadəcə muzey idi. Burada tamaşanın istənilən axara yönəldilməsi üçün lazımi dekorasiyaların, butafor və rekvizitlərin olmaması, tamaşanın daha effektli alınmasına xələl gətirən bir çox başqa məqamlar da nəzərdən qaçırılmamalıdır.
   Bir sıra texniki qüsurlara baxmayaraq tamaşa çox uğurlu alındı.
  
   Sabir MƏMMƏDOV,
   Cəlilabad rayonu