Türkmənistanın Marı şəhərində keçiriləcək mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək

Xəbər verdiyimiz kimi, Türkmənistanın Marı şəhəri 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu barədə qərar TÜRKSOY Daimi Şurasının 21 noyabr 2014-cü il tarixində Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş XXXII iclasında qəbul olunub.

Yanvarın 27-də Marı şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı" ilinin açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində estrada, folklor və türk xalqlarının rəqs ansambllarının konserti, eyni zamanda TÜRKSOY-a üzv ölkələrin mədəniyyət və turizm imkanlarının təşviq olunması və tanıdılması məqsədilə təsviri və dekorativ sənət ustalarının, həmçinin fotoqrafların əsərlərinin sərgisi təşkil ediləcək.
Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, "Cəngi" estrada folklor ansamblı və el sənəti ustalarından ibarət nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il bu ada Qazaxıstanın paytaxtı Astana layiq görülmüş, 2013-cü ildə onu Əskişəhər (Türkiyə) əvəz etmişdi. 2014-cü ildə estafeti Tatarıstanın Kazan şəhəri qəbul etmişdi.
Bu il isə "Türk dünyasının mədəniyyət paytaxtı" missiyasını Orta Asiyanın qədim mədəniyyət mərkəzlərindən olan Marı (Mərv) daşıyacaq.
Qədim Mərv şəhəri yüz illərlə regionun mədəni, elmi mərkəz rolunu oynayıb. Ərəb xilafəti (Abbasilər dövrü) zamanında Mərv ərəb mədəniyyətinin Türküstandakı mərkəzinə çevrilmişdi. Burada onlarla kitabxana fəaliyyət göstərirdi. Samanilər və Səlcuqlar dövründə şəhər öz inkişafının ən yüksək mərhələsinə çatmışdı. Sultan Səncərin hakimiyyətdə olduğu illərdə şəhər əhalisinin sayına və gözəlliyinə görə Bağdadı və İstanbulu (Konstantinopol) belə geridə qoyurdu. O dövrdə Mərvi dünya şəhərlərinin şahı (“Şahı-cahan”) adlandırırdılar. Bu gün Marı Türkmənistanın böyüklüyünə görə dördüncü şəhəridir, 130 minə yaxın əhalisi var.