Sentyabrın 15-də Azərbaycanda 137-ci teatr mövsümünün təntənəli açılış mərasimi olacaq. Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorundan verilən məlumata görə, bu il teatr mövsümünün təntənəli açılış mərasimi təmir olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında gerçəkləşəcək. Həmin gün respublika üzrə fəaliyyət göstərən 26 teatrda yeni mövsümə start veriləcək. Təntənəli açılış mərasimində həm paytaxt, həm bölgə teatr kollektivlərinin iştirakı nəzərdə tutulur. Açıq hava altında keçiriləcək açılış mərasimində xüsusi tamaşa göstəriləcək.
   Məlumat üçün bildirək ki, artıq üç ildir Azərbaycanda fəaliyyət göstərən teatrların yeni mövsümü eyni gündə təntənəli şəkildə açılır.