Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 fevral 2009-cu il tarixdə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 fevral 2009-cu il tarixli sərəncamı ilə tədbirlər planı təsdiq olunub.
   
   Həmin plana əsasən Məhəmməd Tağı Sidqi adına Dövlət Kukla Teatrının kollektivi görkəmli dramaturqun “Çay dəstgahı” alleqorik dramını səhnələşdirib.
   Naxçıvanda ilk dəfə olaraq marionetka üsulu ilə hazırlanan tamaşanın quruluşçu rejissoru, xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rafael Qədimovdur. Naxçıvan Dövlət Kukla Teatrının tamaşalarında ilk dəfə olaraq klassik opera musiqisindən istifadə olunan “Çay dəstgahı”nın musiqi tərtibatçısı, muxtar respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Yaşar Xəlilovdur.
   İctimai baxışdan sonra səhnə əsərinin müzakirəsi keçirildi. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək kollektivi hazırlanan uğurlu tamaşaya görə təbrik etdi. Daha sonra teatrın bədii şurasının üzvlərindən AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, filologiya elmləri namizədi, yazıçı Rafiq Babayev çıxış edərək tamaşanın, əsərin bədii ideyasını tam olaraq ortaya qoyduğunu, Naxçıvan Dövlət Dram Teatrının direktoru, xalq artisti Kamran Quliyev isə aktyorlarla kuklaların səhnə davranışının tamaşaçıların zövqünü oxşayacağını qeyd etdi. Baxış zamanı Naxçıvan Dövlət Ədəbiyyat Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Sübhi Kəngərli, Cəlil Məmmədquluzadənin Naxçıvandakı ev-muzeyinin direktoru Yaqut Quliyeva tamaşanın ədibin yubileyinə layiqli töhfə olduğunu vurğuladılar.
   Teatrın bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanova çıxış edərək müzakirələrdən iştirak edən şura üzvlərinə minnətdarlığını bildirdi. Tamaşa yaxın günlərdə səhnəyə çıxarılacaq.
   Tamaşada rolları Süleyman Süleymanov (Samavar), İlham Babayev (Çaynik), Ulduz Süleymanova (Padnos), Vəsmə Quliyeva (Stəkan), Gülnar Babayeva (Nəlbəki), İbad Nəbiyev (Qaşıq), Şirin Şirinzadə (Maşa), İdris Osmanov (Truba) və Mirqabil Ələkbərov (Nökər Əli) ifa edirlər.
   
   Elxan YURDOĞLU,
   Naxçıvan