Gənc Tamaşaçılar Teatrının «Aydın» tamaşası barədə qeydlər
   
   “Ehtiyac qapıdan içəri girəndə məhəbbət pəncərədən qaçır”. İnsan cəmiyyətinin bütün inkişaf fazalarında kişi-qadın münasibətlərini müəyyənləşdirən bu çoxmənalı fikrin müəllifini unutmuşam. Əslində bu fikri çox zaman mənəvi dözümsüzlükdən, şıltaqlıqdan, zəiflikdən qidalanan xəyanətlərə bəraət kimi söyləyirlər. Buna zaman-zaman gerçək həyatdan da, bədii əsərlərdən də xeyli misal tapmaq mümkündür. Amma saf məhəbbəti zorən pəncərədən qaçmağa vadar edən gerçək amillər, qaçılmaz şərtlər barədə nümunələrə az rast gəlmək olar.
   Ötən cümə günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Cəfər Cabbarlının «Aydın» faciəsini (hərçənd əsər məhəbbət dramı kimi təqdim edilir - proqramda belə yazılıb) seyr edərkən tamaşa boyu bu fikir məni rahat buraxmadı: ehtiyac qapıdan içəri girəndə məhəbbət pəncərədən qaçır.
   
   110 illik yubileyini qeyd etdiyimiz böyük dramaturq Cəfər Cabbarlının 90 il öncə qələmə aldığı «Aydın» dramı barədə geniş danışmağa lüzum yoxdur. Əsərin məzmunu Azərbaycan ədəbiyyat və teatr tarixinə az-çox bələd olan hər kəsə tanışdır. Üstəlik yazıldığı vaxtdan lap son zamanlaradək paytaxtın bir çox teatrlarında bu əsərin müxtəlif quruluşları teatrsevərlərə təqdim edilib. Builki mövsüm ərəfəsində iki teatr kollektivinin - Dövlət Gənclər Teatrının və Bakı Kamera Teatrının ləğv edilərək Gənc Tamaşaçılar Teatrına (GTT) transferi ilə genişlənmiş və qüvvətlənmiş truppanın ilk birgə işi (teatrın yeni baş rejissoru, xalq artisti Cənnət Səlimovanın quruluşunda) olan «Aydın» öz sələflərindən fərqlənir.
   Yox, nə əsərdə baş verən hadisələrin zamanı dəyişib (əslində buna heç ehtiyac da yoxdur), nə də Avropa və Rusiya teatr məkanındakı son tamaşa effektlərinin təsiri bu quruluşda duyulur. Bizə tam doğma, ənənəvi klassik teatr üzərində qurulmuş tamaşadır. Lakin quruluşçu rejissorun əsərin əsas qəhrəmanlarına münasibətinin fərqliliyi fonunda bütün bu standartlar yorucu təsir bağışlamır.
   Buradaca bir məqamı vurğulayaq ki, səhnənin texniki imkanlarına baxmayaraq, tamaşadakı bütün hadisələr ortadan - yuxarı-aşağı bölünmüş iki məkanda baş verir. Həyatın dibində səfalət və saf məhəbbət, həyatın üst qatındasa insanları yolundan azdıran zənginlik, məhəbbətin boş qalmış yerini doldurmayan işrət, alınıb-satılan həzz.
   Əsərə xeyli, amma gərəkli dəyişikliklər etmiş Cənnət xanımın obrazlara münasibəti maraqlıdır. Məsələn, biz bu tamaşada yalnız ərini maddi sıxıntılardan qurtarmaq üçün xəyanətə boyun əyən Gültəkini, xəyalları pərvazlanan şair ilə mədəndə çalışan işçini cismində çox çətinliklə birləşdirən Aydını, ərini əlində necə saxlamağın çarəsini bilməyən Böyükxanımı, milyonların xoşbəxt edə bilmədiyi Dövlət bəyi görürük. İllər boyu bizə zənginliyə qarşı nifrət çanağı kimi təqdim edilən qiyamçı ruhlu Aydından, aşkar itirdiyi zənginliyə xəlvət qovuşmaqdan vaz keçməyən Gültəkindən, hər şeyi alıb-satmağa hazır Dövlət bəydən, axmaq Böyükxanımdan bu tamaşada əsər-əlamət yoxdur.
   Cənnət Səlimovanın gördüyü Aydın (əməkdar artist Şövqü Hüseynov) daim Gültəkinini itirməkdən qorxan, poetik ruhunun köməyilə qəlbini ovladığı sevimli arvadını bir qarın tox, bir qarın ac saxlamağından sıxılan şairdir. Rejissor, Cəfər Cabbarlının yaradıcılığının ilk illərində yazdığı şeirlərlə Aydının şairliyini tamaşaçılara çatdırır. Şövqü Hüseynov tamaşa boyu xəyanətdən sarsılaraq həyatın dibinə yuvarlanan incəruhlu şairin içki düşkününə dönərək istedadını bir qarın yeməyə dəyişən sərsəriyə çevrildiyini məharətlə çatdırmağı bacarır.
   Bu təfsirdəki Dövlət bəy, Gültəkini heç də Aydından az sevmir. İllər öncə görüb bəyəndiyi polkovnik qızı Gültəkini layiq olmadığı həyatdan qurtarmaq adı ilə özünə bənd etməyin yolunu gənc cütlüyün maddi sıxıntılarını artırmaqda görsə də, ona təslim olan Gültəkinə özünü sevdirə bilmir. Elşən Rüstəmovun Dövlət bəyinin «milyonları olan adam sevə bilməz?!» etirazı inandırıcıdır. Aktyor sevdiyinə yalnız cismən sahib olmağı bacaran Dövlət bəyin daha alınıb-satılan eşqlərə biganəliyini, əvvəlki «hər şey puldur» əminliyinin puça çıxdığını tamaşaçıya çatdıra bilir.
   İndiyədək Böyükxanım daha çox gülüş hədəfi, dükanları gəzməkdən, bəzənməkdən başqa bir işi olmayan meşşan qadın kimi təqdim edilib. Amma əməkdar artist Nübar Novruzovanın Böyükxanımı Dövlət bəy kimi bir kişinin məhəbbətini qazanmaqda aciz, brilliant parıltısı ilə xoşbəxt olmadığını anlayan qadındır. Son illər nisbətən kölgədə qalmış Nübar Novruzovanın bu rolu onun aktyorluq potensialının xərclənməmiş tərəflərini qabardır. Onun Böyükxanımı situasiyanın, cəmiyyətin standart ev xanımı anlayışlarının qurbanıdır, gülüş və ikrah hədəfi yox.
   Yəqin ki, Gültəkin rolunun ifaçısı Simuzər Ağakişiyevanın ifası barədə də danışmaq lazımdır. Onun Gültəkini səmimi, sevdiyi oğlanla yoxsulluq içində yaşayanda da, ev kirəsini ödəmək naminə Dövlət bəyin ayağına gedəndə də, kazinoda Aydınla rastlaşanda da səmimidir. Amma Gültəkin elə bizim indiyədək gördüyümüz Gültəkindir. Sevgilisinə xəyanət etdiyinə peşman, bu dünyanın əzablarından qurtulmağın ən asan yolunu zəhər içməkdə görən Gültəkin. Ola bilsin ki, illərlə Kamera Teatrının kiçik səhnəsinə alışmış aktrisa böyük səhnədə özünü hələ ev sahibi kimi hiss edə bilmir. Amma Cənnət xanımın demək olar ki, bütün əsas rolları bir neçə aktyorla işləməsi, Gültəkini isə yalnız Simuzər Ağakişiyevaya həvalə etməsi rejissorun gənc aktrisaya inamından xəbər verir. Yəqin ki, tamaşa oynanıldıqca aktrisa öz obrazına digər ştrixlər artıracaq ki, tərəf-müqabillərinin ifasının kölgəsində qalmasın.
   Bu əsərdə ikinci planda qalan iki məqamı nəzərə çatdırmaq istərdim. «Aydın»da istər Gültəkinin, istərsə də Aydının saflığını daha qabarıq göstərən iki obraz var. Kazino qadını Susanna və şairliyi bacaran Mirzə Cavad. Haşiyə çıxaq ki, əsərə görə Susanna çoxdan bu məkanın sakinidir. Amma quruluşçu rejissor Susannanı qulluqçu geyimində yeniyetmə bir qız kimi səhnəyə çıxarır. Onun təsadüfən varlanan neftxuda Balaxanın puluna satılaraq görkəmcə dəyişməsi, daxilindəki daha baha satılmaq həvəsinin gerçəkləşməsi tamaşaçının gözü qarşısında baş verir. Susannanın qarşısında Balaxandan qat-qat üstün Dövlət bəyin sevgisini qəbul etməyən Gültəkinin saflığı daha da aşkar çatdırılır. Yaxud elə Mirzə Cavad. Belə baxanda o da şairdir, Aydın da. Əgər Aydın da onun kimi balaxanlar üçün şeir yazsaydı, zənginlərin məşuqələrini öysəydi, o da həyatın dibinə yuvarlanmazdı, əksinə, öz istedadının parlamasına da nail ola bilərdi. Neyləyəsən ki, Aydın qəlbinin saflığına, zəkasının nuruna aydınlığa çıxmaq istəyir.
   Nə qədər ki Dövlət bəylər ailə qurarkən təravətini illər boyu itirməyəcək sevgini onlara bəxş edəcək qadını seçməyi bacarmırlar;
   Nə qədər ki Böyükxanımlar qadın xoşbəxtliyini ev-eşik, oğul-uşaq sahibi olmaqda görürlər;
   Nə qədər ki Aydınların xarakterində romantiklik realistliyi, praqmatikliyi qat-qat üstələyir, çox Gültəkinlər bədbəxt olacaq.
   
   Gülcahan MİRMƏMMƏD   

    P.S. Yeri gəlmişkən, əziz oxucular, qəzetimizin yaxın saylarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni tamaşaları barədə ardıcıl olaraq bir neçə yazıya rast gələndə təəccüblənməyin. Sadəcə, yenilənmiş binada birləşmiş kollektivlə çalışan bu böyük heyət üç ilin ayrılığından sonra adına yaraşan gənclik şövqü ilə çalışır, bir-birinin ardınca yeni tamaşalar təqdim edir. Sağ əli digər kollektivlərin başına!