«Cırtdan» kukla teatrını ilk növbədə keyfiyyətli tamaşalarına görə tanıyırlar. Yaradıcı heyəti cəmi altı-yeddi nəfərdən ibarət olan teatrın fəaliyyəti yalnız paytaxt hüdudlarında deyil. «Cırtdan» kukla teatrı səyyar fəaliyyət göstərir. Ölkənin demək olar ki, əksər bölgələrində, ən ucqar kəndlərində paytaxt teatrları ilə müqayisəyəgələr qədər keyfiyyətli tamaşalar görmək, göstərmək elə-belə məsələ deyil. Truppanın rəhbəri Səyyarə Əliyeva ilə bu kiçik teatr truppasının qayğıları, perspektivlər və planlar barədə söhbətləşdik. Bu yaradıcı kollektivin uğurlarının səbəblərini sorduq. İlk növbədə isə Səyyarə xanımın işi, ixtisası, fəaliyyəti ilə maraqlandıq.
   
   -1976-cı ildə İncəsənət Universitetinin «Mədəni maarif» fakültəsinin axşam şöbəsini bitirdim. Universitetdə oxuduğum illərdə Balaxanıda xalq teatrında işləmişəm. İkinci kursda, sonra isə Sabunçuda yerləşən xalq teatrında rejissor assistenti, quruluş hissə müdiri kimi işləməyə başladım. 10 il «Lalə» qızlar ansamblında qarmon ifaçısı kimi fəaliyyət göstərdim.
   Sabir adına Mədəniyyət evində rejissor kimi işlədim, 1968-ci ildən fəaliyyət göstərən Balaxanı «Cırtdan» kukla teatrının bazasında müstəqil fəaliyyət göstərən «Cırtdan» səyyar kukla teatrını yaratdıq. Bir müddətsə «Ümid yeri» cəmiyyətinin nəzdində fəaliyyət göstərdik. İndi də tamaşalar qoyuruq, fəaliyyətimizi davam etdiririk. Teatrımızın bir özəlliyi də odur ki, biz fonoqramdan istifadə etmirik. Hamı, aktrisalar, yəni personajlar canlı oxuyur, hətta çox vaxt, tamaşa göstərilən yerdə alət varsa, musiqi də canlı ifa olunur.
   -Repertuarınızdakı əsərləri necə seçirsiniz?
   - Əsərləri özümüz seçirik, hətta əksərini özümüz yazırıq. Tamaşada səslənən mahnıların musiqisi və mətni də bizə aiddir. Bu işi adətən aktrisalarımız Sima Əliyeva və Nəzakət Məmmədova görür. Musiqi də, sözlər də yaddaqalan olur.
   Söhbətə balacaların sevimlisi olan bu balaca teatrın aktrisası, qeyri-rəsmi bəstəkarı, ifaçısı Nəzakət xanım (Məmmədova) tamaşalara məzəli, ürəkaçan mahnı parçaları ilə qoşulur. Ovqat dəyişir. Yenə də rejissor Bəxtiyar Xanızadənin bir etirafını xatırlayıram: «Uşaq olanda məni qəsəbənin Yeni il şənliyinə aparmışdılar. Bu şənlik, bu tamaşa elə başqa, gözəl bir dünya idi ki, mən hələ də onu unuda bilmirəm. Və uzun illərdi ki, sanki tamaşalarımda həmin dünyanı bərpa etməyə çalışıram». Səyyarə xanımdan tamaşalara kimin quruluş verdiyini soruşuram.
   - Tamaşaya mən quruluş verirəm. Amma əksərən yaradıcı heyətin işində konkret bölgü yoxdur. Hər kəs ideyasını, məsləhətlərini söyləyir. Yetər ki, sonda iş maraqlı olsun. Hazırda repertuarımızda 10-a yaxın tamaşa var: «Tülkünün qış sərgüzəştləri», «Dovşanın ad günü», «Şəngülüm, Şüngülüm, Məngülüm», «Qırmızıpapaq», “Bozqurdun nağılı”, «Xoruz və pişik», «Tıq-tıq xanım», «Qoğal». Yaradıcı heyətimizdə minimum adam var - ona görə də bir neçə personajı eyni adam oynayır. Demək olar ki, əksər rayonlarda olmuşuq. Bundan əlavə, uşaq evlərində, bayramlarda və tədbirlərdə də çıxış edirik.
   - Tamaşalarınızdan birini görmüşəm. Canlılığı, dinamikliyi, uşaqlarla ünsiyyət qurmaq keyfiyyəti nəhayət, bədii, yaradıcı səviyyəsi ilə fərqli bir tamaşa idi.
   - Bilirsiniz, nağılları, əhvalatları kitablardakı kimi qurmaq olmaz. Onları bu günə, reallığa adaptasiya etmək lazımdır. Uşaq bu günü, onun qayğı və problemlərini görür. Ona dəxlisiz əhvalat, fikir söyləmək olmaz. Bu günün ritmini, tempini tutmaq lazımdır. Həmçinin onların uşaq olduğunu unutmamaq.
   Uşaqlar danışılan əhvalatlara inanırlar. Biz tamaşanın sonunda onlarla dialoq aparırıq. Tamaşadan nə anladıqlarını, nə götürdüklərini özümüz üçün müəyyən edək deyə.
   - Uğurlarınızın bir səbəbi bu. Bəs enerji hardandır?
   - Uşaqlardan gəlir. Biz sadəcə o enerjini alır və ötürürük. Onların maraqla baxan gözlərindən gələn enerji ilə dağı dağ üstə qoymaq olar.
   - Bu teatrın əsas problem və qayğıları...
   - Kuklaları özümüz fikirləşirik, rəsmini çəkirik. Amma onların düzəldilməsi baha başa gəlir. Rekvizitlər bahadır.
   - Səyyarə xanım, Sabir adına Balaxanı Mədəniyyət evinə yenicə rəhbər təyin olunmusunuz. İşləriniz, planlarınız artıb...
   - Ən əsas otaqlar, zal almaq lazımdır. İdarənin iki balaca otağı var. İlin sonuna otaq söz veriblər. Otağımız olsa, fəaliyyəti genişləndirmək olar. Qəsəbə nümayəndəliyi bizə söz verib ki, ayın sonunadək pul köçürüləcək və rekvizit problemlərini həll edək.
   Mədəniyyət evini ölü bir obyektdən canlı, qaynar bir müəssisəyə çevirmək üçün çalışırıq. Rəqs, rəsm, xalçaçılıq kursları təşkil etməyi nəzərdə tuturuq. Qızlardan ibarət ansambl da yaradacağam. Təki yer olsun. Həmçinin mədəniyyət evinin nəzdində fəaliyyət göstərən xalq teatrının da fəaliyyətinə imkanlar olar. Hələ ki, yer məhdudiyyətimiz var. Çalışacağıq ki, insanların mədəni istirahəti ilə yanaşı, uşaqların mədəni tərbiyəsi işində də yardımçı olaq. İş orasındadır ki, bu işə maraq var. Sakinlərin, uşaqların marağı çoxdu və istedadlı uşaqlar da az deyil. Çalışırıq ki, Balaxanı Mədəniyyət evi yüksək səviyyyədə fəaliyyət göstərsin.
   - Bu işdə sizə uğurlar!
   
   Aliyə