Son illərdə texniki təchizatının yenilənməsi və təmir işlərinin aparılması teatrların fəaliyyətində nə kimi dəyişiklik yaratdı?
   Paytaxt teatrlarından artıq üçü təmir-təchiz olunub, istifadəyə verilib və yeni tamaşalar hazırlanıb. Praktik iş zamanı təmir-təchizin yaratdığı rahatlıq və ortaya çıxan qüsurlar barədə öyrənmək üçün teatr rəhbərlərinə müraciət etdik.
   
   S.Vurğun adına Dövlət Rus Dram Teatrının təmir-təchiz olunmasından xeyli vaxt keçir. Artıq bir neçə tamaşanın premyeraları olub. «Bəs texniki yeniliklərdən nə qədər istifadə olunub və nə kimi çatışmazlıqlar var?» - deyə teatrın direktoru Ədalət Hacıyevdən soruşuruq:
   «Müqayisə edəndə yeni quraşdırılmış skanerlər, işıq və səs effektləri əvvəlkindən daha müasir tələblərə cavab verir. Uzunluğu 9, eni 12 metr olan «Akulizu» adlanan pərdənin köməyi ilə səhnədə istənilən görüntünü almaq mümkündür. Bunlar kompyuter sistemi ilə mümkün olur. Yeni texnika bizə dörd beynəlxalq layihədə ev sahibliyi etməyə də imkan verdi. Bu layihələr zamanı Avropadan və Rusiyadan bizə qonaqlar gəlmişdilər. Onlar çox razı qaldılar. Çünki tamaşaları istədikləri kimi hazırlaya bildilər. Ötən ilin oktyabrında isə Beynəlxalq Caz Festivalı bu binada keçirildi».
   A.Şaiq adına Kukla Teatrında təmir-təchiz işləri iki il əvvəl aparılıb. Bəs görəsən, burada təmirin və təchizatın çatışmazlıqları meydana çıxıbmı? Teatrın direktoru Rəhman Quliyev təmir işlərinin əsaslı aparıldığını söylədi: «Təmirə teatrın foyesi, balkonu səhnələri, dam örtüyü və s. daxildir. Texniki avadanlıqlar, kondisioner sistemi, tamaşa salonlarına gərəkli avadanlıqlar Avropadan gətirilmiş və Avropa standartlarına uyğun quraşdırılmışdır. Əvvəl bizim 7-8 projektorumuz vardısa, indi 120-ə çatdırılıb. Linzaların, dumansəpələyici generatorların, ştangetlərin və səs avadanlıqlarının yenilənməsi, kompüter sistemi ilə idarə olunması rejissorların işini xeyli asanlaşdırıb». Teatrın rejissoru Rəhman Əlizadə bunu təsdiq etsə də, daha başqa üstünlüklər arzuladığını da bildirdi: «Əgər əvvəlki ilə müqayisə etsək, müsbət dəyişikliklər olduğunu görərik. Amma Avropa standartları ilə müqayisə olunsa, fərqlər ortaya çıxacaq. Təmir zamanı belə bir təklif irəli sürmüşdüm ki, hərəkətli səhnə hazırlasınlar. Belə səhnələr lazım olanda qalxıb enə bilir. Belə səhnəni xaricdə təcrübədə görmüşdüm. Moskva Kukla Teatrının səhnəsi bu cürdür. Əlbəttə, belə səhnədə işləmək daha asan olardı. Kukla teatrında işıqlar da fərqli olmalıdır.
   Yaxşı tamaşanın hazırlanması birbaşa rejissordan asılıdır. Texniki təchizat onun köməkçisidir. Bizim teatrda həftədə 12 tamaşa oynanılır. Bu, yüksək göstəricidir».
   Paytaxtın ən gözəgəlimli yerində olan, ən son təmirdən çıxmış və ən yaraşıqlı binalardan biri - Gənc Tamaşaçılar Teatrının binası həm içdən, həm çöldən yenilənib. yaradıcı prosesə texniki yeniliklər, gözəl dizayn və XXI əsrin komfort istəyən tamaşaçıları üçün əla təmir teatrda aparılan yaradıcı islahatlar qədər təsir edir. Buranın vəziyyəti ilə daha yaxından tanışlığa teatrın direktoru Mübariz Həmidov bələdçilik etdi: «Əgər söhbət səhnə texnikasından, projektorlardan gedirsə, bizdə əvvəllər 51 projektor var idi. Təmirdən sonra bunun sayı 250-ə çatdırıldı. Tamaşa salonunun arxa istiqamətində frontal işıq sistemləri quraşdırılıb. Səs sistemləri də yeniləri ilə əvəzlənib və müasir standartlara cavab verir. Əlbəttə, bunlar yeni tamaşaların istənilən səviyyədə hazırlanmasında müsbət rol oynayır. Ötən ilin fevralından teatrda dörd yeni əsər hazırlanıb. M.F.Axundovun «Hekayəti-xırs quldurbasan», H.Cavidin «Şeyx Sənan», C.Məmmədquluzadənin «Məkkəyə yol», C.Cabbarlının «Aydın» əsərləri tamaşaya qoyuldu. Tamaşalar yüksək səviyyədə keçdi. Tamaşa salonlarımızın da sayı artıb - əvvəllər bir böyük zal və məşq otağından ibarət idisə, indi bir böyük zal, iki məşq otağı, bir kiçik səhnə var. Aktyorların işini asanlaşdırmaq üçün qrim otaqlarından geyim otaqlarına kimi hər şey yenilənib və dəyişilib. İstilik, kondisioner və rabitə sistemi yaradılıb».
   Xatırladaq ki, teatrlarda təmir işləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» (2007-ci il 19 fevral) sərəncamına əsasən həyata keçirilir. Akademik Milli Dram Teatrı təmirdədir. Opera və Balet Teatrının isə yaxın vaxtlarda təmirə bağlanacağı gözlənilir.
   
   Günel