Bu il keçirilməsi nəzərdə tutulan Çexov Beynəlxalq Teatr Festivalının hadisə olacağı gözlənilir. Bu böyük teatr bayramı Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə layihəsi əsasında gerçəkləşəcək. Bu istiqamətdə işlərin necə getdiyini bilmək üçün, həmçinin son vaxtlar premyeraları, tədbirləri ilə diqqəti cəlb etmiş Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətlə görüşüb, bəzi suallarımızı cavablandırmasını xahiş etdik.
   
   - Azərpaşa müəllim, Çexov Beynəlxalq Teatr Festivalı ilə bağlı Moskvada səfərdə oldunuz. Festivala hazırlıqlar hansı mərhələdədir?
   - Beynəlxalq konfederasiyaların təşkilatçılığı ilə keçirilən Çexov festivalı Avropa ölkələrində böyük təntənə ilə qeyd olunur. Bəzi ölkələrdə isə Çexov günləri keçirilir. Hazırda bu festivala hazırlıqlar davam etdirilir. Həmin festivalın bir hissəsi üç-dörd teatrın çıxışı ilə bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu da bizim xarici qurumlarla əlaqəmizin nəticəsidir. Festivalın Bakıda keçiriləcək hissəsi Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə gerçəkləşəcək. Bu işlə bağlı Moskvada səfərdə oldum və orda festival yüksək səviyyədə keçirildi. Rusiya Prezidenti Medvedev bizi qəbul etdi və birlikdə Taqanroqa getdik. Çexovun abidəsini ziyarət etdik.
   - Teatr Xadimləri İttifaqının xaricdə fəaliyyət göstərən analoji qurumlarla əlaqələri necədir?
   - İttifaqımız nəinki xarici qurumlarla əlaqə saxlayır, həm də onların üzvüdür. YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüyük. Burada bir çox ölkələrin teatr qurumları birləşir. Bundan başqa, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının uzvü və qurucularındanıq. İyirmi ilə yaxındır biz həmin təşkilatlarla birlikdə fəaliyyət göstəririk. İki ildir üzvlükhaqqı ödəyirik. Onlarla əlaqəmiz internet vasitəsilə həyata keçirilir.
   - Teatr Xadimləri İttifaqının növbəti konfransı keçirildi. İttifaqın fəaliyyətində nə kimi yeniliklər gözlənilir?
   - Biz orada yeni layihələrimizi təqdim etdik. Bura Çexov festivalına hazırlıqlar, Yaradıcı Gənclər Laboratoriyasının və “Zəfər” studiyasında hazırlanan yeni tamaşaların müzakirəsi də daxil edildi. Həmçinin beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsi də konfransda yer aldı. Biz ittifaqın hər il martın 12-də ad gününü qeyd edirik. Həmin gün teatr xadimlərinə fəxri diplomlar təqdim olunur. Konfransda bu məsələyə də yer ayırdıq. Yeniliklərimizə ilk dəfə səhnələşdirdiyimiz “On ikinci gecə” tamaşasını da əlavə edə bilərik.
   - “Zəfər” teatr studiyası bir neçə tamaşa təqdim edib. Teatrın rəhbəri kimi studiyanın ideya-bədii istiqamətini necə təqdim edərdiniz?
   - Bu, yeni tip teatrdır. Əvvəla, “studiyalılıq” deyilən yeni bir anlayış var. Studiya bir növ emalatxana deməkdir. Emalatxanada isə daim yeni fikirlər və ideyalar olmalıdır. Biri var dövlət teatrında ştatda aktyor saxlayasan, burada isə fərqlidir. Bu studiyada hazırlanan yeni tamaşalar öz müasirliyi ilə fərqlənir. “Procent” prodüser mərkəzinin dəstəyi ilə “Kaktus gülü” və “Afinalı Timon” tamaşalarını hazırlamışdıq. “Afinalı Timon” tamaşası ilk dəfə Azərbaycan dilində bu studiyada nümayiş olundu.
   - Teatr haqqında qanunda prodüser fəaliyyəti barədə maddələr yer almışdı. Lakin bu, bizim teatrlarda hələ də işlək hala salınmayıb. Bunun səbəbini nədə görürsünüz?
   - Bizim prodüserlər “prodüser” anlayışını dəqiq anlamırlar. Onlar düşünürlər ki, prodüser yalnız pul tapandır. Lakin prodüser məsuliyyətli və yaradıcı şəxs olmalıdır. Prodüser rejissoru da, aktyoru da özü seçməlidir. Sevindirici haldır ki, bizim ittifaqımızın və “Procent” prodüser mərkəzinin hazırladığı tamaşalar var.
   - Bu il ittifaq hansı sənətkarların anım günləri və yubileylərini qeyd etməyi nəzərdə tutub?
   - Hər il biz yeni təqvim hazırlayırıq, keçiriləcək yubiley və anım günlərinin siyahısını qeyd edirik. Yanvar ayında rəssam və opera müğənnisi Əli Haqverdiyevin anım gününü qeyd etdik. Fevral ayında isə xalq artistləri Nazim Rzayevin 85, Səməd Mövləvinin 110, əməkdar artist Firdovsi Naibovun 75 illik yubileyini qeyd etməyi nəzərdə tuturuq.
   - Teatr adamlarını birləşdirən qurum olaraq hansı tədbirləri və dəyirmi masaları keçirmisiniz?
   - Keçən il biz Rusiyadan səhnə danışığının inkişaf etdirilməsi ilə bağlı xüsusi mütəxəssis dəvət etmişdik. Bu, Rus Dram Teatrı üçün nəzərdə tutulmuşdu. Orada onlarla ustad dərsləri keçirildi. Səhnə texnikası ilə bağlı bəzi işləri də həyata keçirmişik. Keçən il Milli Teatr Gününü qeyd etdik. Böyük elmi-praktiki konfrans keçirdik. Burada teatrşünaslar, professorlar, aktyorlar iştirak edirdilər. Həmin yığıncaqda problemlərimiz araşdırıldı. Bundan başqa, hər il müxtəlif mövzularda bir neçə konfrans keçiririk. Maliyyə problemimiz bir az da yaxşı olsa, biz beynəlxalq festivallarda da müntəzəm iştirak edə bilərik.
   - Rejissor kimi sizi son zamanlar hansı mövzü düşündürür?
   - Azərbaycan və dünya klassiklərinin əsərlərini müasir formada səhnəyə gətirmək fikri məni həmişə düşündürüb. Hazırda Lev Tolstoyun “Hacı Murad” əsərini səhnələşdirməyi düşünürəm. Yeni texnologiyalardan istifadə edərək müasir bir tamaşa hazırlamaq istəyirəm.
   
   Günel QƏHRƏMANOVA