Bu il 100 yaşını qeyd edəcək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Yaradıcılıq studiyası fəaliyyətə başlayıb.
   
   Studiyanın yaranmasında əsas məqsəd milli teatr mədəniyyətini təbliğ etmək, teatra kütləvi marağı artırmaq, müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını istiqamətləndirməkdir. Teatr sənətinə maraq göstərən, xoreoqrafiya, vokal, aktyorluq və musiqi ifaçılığı sahəsində xüsusi bacarığı olan 6 yaşından yuxarı uşaqları və istedadlı gəncləri teatra cəlb etmək, novator səhnə formalarını tətbiq etmək, müasir və klassik Azərbaycan operettalarından seçmələri səhnələşdirmək, habelə operetta janrında lazımi zəmin yaratmaqdır.
   Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev yeni yaradılan studiyanın hədəflərindən danışdı: «Musiqili teatr sənəti başqa səhnə janrlarından onunla fərqlənir ki, burda çalışan aktyorlar həm gözəl rəqs etməyi, həm oxumağı bacarmalı, həm də yetərincə aktyor imkanlarına malik olmalıdırlar. Amma çox təəssüf ki, çox zaman ölkənin peşəkar musiqili teatrlarında belə buna nail ola bilmirik. Düşünürəm ki, bu uşaqlar saydığım səhnə vərdişlərini balacalıqdan mənimsəməyə başlayacaqlar. Səhnə sənətini özlərinə peşə seçənlər, əlbəttə, ilk öncə daha çox bizim teatra maraq göstərəcəklər. Musiqini, rəqs və ifaçılığı hobbi kimi qəbul edənlər isə şübhəsiz ki, ən nəhayətdə peşəkar tamaşaçı olacaqlar. Bu gün teatrlarımızın da belə tamaşaçılara ehtiyacları çoxdur».
   Bu ilin martında təqdimatı keçirəcək, studiyanın teatr bölməsində məşğul olan gənclər dramaturq Əmir Pəhlivanın “İstədiyim yar idi....” komediyası ilə peşəkar səhnədə ilk addımlarını atacaqlar. Rəqs bölməsində məşğələlərdə iştirak edən azyaşlılar və yeniyetmələr isə milli və klassik rəqslərlə tamaşaçılar qarşısında imtahan verəcəklər. Studiyanın rəhbəri Əminə Musayeva bizimlə söhbətində bildirdi ki, tanınmış səhnə ustalarının da rəhbərliyi ilə çalışacaq bu uşaqlar yaxın vaxtlarda daha böyük işlərinin təqdimatı ilə tamaşaçıları sevindirəcək:
   «Bəlkə də onların hamısı incəsənət sahəsində çalışmayacaqlar. Amma bu uşaq və yeniyetmələrin, gənclərin teatra, xüsusən Musiqili Komediya Teatrına böyük sevgiləri olacaq. Teatr bu uşaqlarla özünün gələcək tamaşaçılarını yetişdirəcək. Uşaqlar özləri tamaşalar da hazırlayacaq və lazım gələrsə teatrın tamaşalarında da peşəkar artistlərlə birgə çıxış edəcəklər».
   Onu da qeyd edək ki, studiya Mədəniyyət və Turizm Nazirliyinin tövsiyyəsi ilə yaradılıb.
   
   “Mədəniyyət”







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar