“Bəs mənim bir abbasım hara geeetdi?”
   
   Həyat qəribədir. Bəzən sultanların çata bilmədiyi ucalığı sadə bir sənətkar fəth edir. Necə ki, Əhməd Rumlu “O olmasın, bu olsun” filmindəki hambal roluyla sənətinin sultanı oldu...
   
   Ötən əsrin əvvəllərində elə bu şəhərdə xeyli küçələr vardı. “Misgərpalan”, «Güzgüçülərpalan», “Zərgərpalan”, “Başmaqçıpalan”...
   “Həmşəripalan» adlanan məhəllədə tacir Məhəmmədqulunun ilk övladı dünyaya gələndə adını Əhməd qoydular. Məhəmmədqulu dinə meyilli olduğundan oğlunu axund görmək istəyirdi. Bu arzuyla da onu molla məktəbinə qoyur. Molla məktəbini başa vurduqdan sonra Əhməd mədrəsədə təhsil alır. Sonralar çalışqanlığı ilə yaşıdlarından xeyli seçilən Əhmədi Nəcəf şəhərində mükəmməl dini təhsil almağa göndərmək istəsələr də, Məhəmmədqulu ilk övladının gözündən uzağa getməsinə razılıq vermir.   

  Səhnə işıqlarının uğur sorağı
   
   Quranı əzbərdən bilən, fars, ərəb dillərinə yaxından bələd olan Əhməd, yeniyetməlik vaxtlarında məlahətli səsi, zehni, hafizəsiylə yaşıdlarından seçilər, məhərrəmlikdə böyük məharətlə şəbih deyər, qəsidələr oxuyardı.
   Bütün bunlar keçən əsrin onuncu ilində baş verirdi.
   Tezliklə bu mərasimlər xalq teatrları ilə əvəz olunur. Əhməd yolunu Tənqid-Təbliğ Teatrından salır. Səhnəni sevir, ömrünü bu sənətə bağlayır.
   Eyni zamanda Sədi Şirazini, Füzuli yaradıcılığına dərindən bələd olan Əhməd, Rumlu təxəllüsüylə şeirlər yazmağa başlayır. Özünü nəsrdə də sınayır. Teatrda çalışan rejissorlar onun əsərlərini böyük həvəslə tamaşaya qoyurlar. “Səadət uğrunda”, “Qan içində”, “Seyran”, “Yanar daş”, “Dostluq” dramları uzun müddət Gənc Tamaşaçılar Teatrının səhnəsində uğurla oynanılır.
   O, səhnədə bir-birinə bənzəməyən rollar yaradırdı. “Əlvida, Hindistan”da kahin, “Bir saatlıq xəlifə”də saray əyanlarından biri, “Hacı Qara”da Cəbi və saymaqla qurtarmayan rollar...Əhməd Rumlu dilənçi rolundan tutmuş şah roluna kimi bütün rolları ürəklə, məharətlə oynayırdı.
   Dövrünün qabaqcıl aktyorlarından Ərəblinski, Sarabski kimi o da Əhməd Rumlu kimi tanınır və sevilirdi.
   
   Hambalın sınağından 50 aktyor keçə bilmədi
   
   Saysız-hesabsız rollar yaratsa da, yalnız bir rol ona əbədilik qazandırdı. “O olmasın, bu olsun” filmindəki sadə və klassik Hambal rolu...
   Əhməd Rumlu vaxt itirmədən məşqlərə gedir, tamaşalarda oynayır, bütöv bir ailəni saxlamaq üçün isə ticarətlə məşğul olurdu. Belə bir vaxtda “O olmasın, bu olsun” filmini çəkməyə hazırlaşırdılar. Filmin rejissoru Həsən Seyidbəyli olsa da, ikinci rejissoru Moskvadan dəvət etmişdilər. Sınaq çəkilişindən filmdə gördüyümüz bütün aktyorlar çıxsa da, hambal roluna aktyor tapmırlar ki, tapmırlar. Moskvadan gəlmiş rejissor belə qərara gəlir ki, çəkilişlər bir müddət saxlanılsın. Bu vaxt kimsə Gənc Tamaşaçılar Teatrında belə bir aktyor olduğunu deyir.
   Əhməd Rumlu dəblə geyinib-keçinməyi sevən, səliqəli bir adam olduğundan onu ilk dəfə rejissor görəndə çaş-baş qalır. Baxışları ilə sanki demək istəyir ki, bunu çəkək, hambal roluna? Adamlar rica edir ki, beş dəqiqə səbir etsin. Birazdan Əhməd Rumlu paltarını dəyişir, qrimlənir, əlində rolun mətni gəlir. “Ha, Məşədi” deməyi ilə baxıb görürlər ki, rol əsl bu aktyor üçün ölçülüb-biçilib.
   Hambal rolu Əhməd Rumluya uğur gətirir. Sonralar o, “Bu film yaşayan filmdi, o rol da əsas obrazlardan biridir” - deyərdi.
   Əhməd Rumlu «Bir məhəlləli iki oğlan” filmində iki rol - qapıçı və qatarın kafesindəki satıcı rolunu oynayıb. Bundan əlavə, “Amfibiya adam”, “Füzuli” filmində də yaddaqalan obrazlar yaradıb.
   
   Kim Rumlu kimi olmasa...
   
   Əhməd Rumlu yalnız aktyor deyildi. Onun könül dünyası olduqca zəngin idi. Beş minəcən qəzəli bu gün də qorunub saxlanılır.
   
   Heyranam o rəssama ki,
    çəkmiş belə surət,
   Xilqətdə sənə oxşayan
    incə əsər olmaz.
   Kim Rumlu kimi olmasa,
    əşardə dara,
   Peyğəmbəri-əsr olsa,
    sözündə kəsər olmaz.
   
   Bu maraqlı, istedadlı insanla bağlı çoxlu xatirələr yaşayır. Deyilənə görə, Əhməd Rumlu Əliağa Vahidlə bir məhəllədə qonşu yaşayar, dostluq edərlərmiş. Pəncərələr arasında məsafə bir metrədən çox deyilmiş. Əliağa Vahid birinci pəncərədən keçəndə əlini şüşəyə vurub deyərmiş:
   “Əhməd, tut”. Qəzəlin bir misrasını deyərmiş. İkinci pəncərəyə çatanda Əhməd ikinci misranı qaytararmış. Bəzən saatlarla deyişərmişlər.
   Əhməd Rumlu yaddaşlarda hambal rolu ilə qalsa da, sən demə, əsl hambal rolu yaratmaq üçün də böyük şəxsiyyət olmaq gərəkmiş. Sənətkar 80 illik ömründə heç vaxt yaltaqlığın, yalançılığın, saxtalığın dadına baxmadı. Yaşadı, yaratdı, həyatda çoxlu xatirələr, izlər qoyub getdi.
   Nəsillər dəyişəcək, hər dəfə Azərbaycan kinosunun incilərindən sayılan “O olmasın, bu olsun” filminə baxanlar Əhməd Rumlunu yad edəcək, sevəcək və yorulub əldən düşmüş hambalın «Sənin 5000 manatın cəhənnəmə, bəs mənim bir abbasım hara geeetdi? A dədəm qurban, a nənəm qurban...» kinayəli şivəninə gülümsünəcək...
   
   TƏRANƏ







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar