Füzuli teatrının paytaxt tamaşaçılarına təqdim etdiyi komediya birmənalı qarşılanmadı
Milli Teatr Festivalının ikinci mərhələsi çərçivəsində bu dəfə teatrsevərlərə Füzuli Dövlət Dram Teatrının tamaşası təqdim edildi. Aktyor Evinin tamaşa zalında iynə atsan, yerə düşməzdi. Əslən Füzuli rayonundan olan Bakı sakinlərinin yerli teatrlarına maraqlarını anlamağa və alqışlamağa dəyər. Təəssüf ki, seyrçilərə təqdim olunan tamaşa barədə belə yüksək fikir söyləmək mümkün deyil.
Salonu dolduran seyrçilər Səttar Axundovun «Bəndalı bəndə düşüb» adlı ikihissəli komediyasına teatrın baş rejissoru Asif Şirinovun quruluşunda tamaşa etdilər.
Ötən əsrin 50-60-cı illərində sovet Azərbaycanı kəndlərindən birində cərəyan edən hadisələr süjet xəttinə görə Altay Məmmədovun «Kişilər» komediyasını xatırladırdı. Fərq yalnız qadın hesabına yaşamaq istəyən kişidə - Bəndalı obrazındadır. Onu da tamaşanın finalında kəndin işgüzar və dərrakəli qızları dürüst adama çevirməyə nail olurlar. Vəssalam. Tamaşa boyu cərəyan edən hadisələr, zəhmətkeş kənd insanının həyatının təsviri, əməksevərliyi, kolxoz təsərrüfatına can-dillə bağlılığı tipik sovet adamının nostalji modelini yaradırdı, sadəcə.
Teatrın direktoru Vaqif Vəliyev truppanın komediya janrına müraciət etməsini sənət ocağının cəbhə bölgəsində yerləşməsi ilə əlaqələndirir. Janrın seçimi, zəmanəmizin təəssüf doğuran hallarına teatral baxış cəhdi təqdirəlayiq olsa da, cəhdin gerçək ifadəsini baş tutmuş hesab etmək çətindir. Çünki ötən əsrin ortalarında kolxoz quruluşu, gənc qızların ictimai həyatdakı fəallığı və bütün bu təzahürlərə çağdaş prizmadan yanaşma əvəzinə, 50-60 il geriyə səyahətdən savayı səhnədə heç nə baş vermədi. Bundan başqa, teatrın təcrübəli aktyorlarını istisna etmək şərtilə tamaşanın digər iştirakçılarının əksəriyyətinin oyun tərzi statik və süni komiklik səviyyəsində idi. Əlbəttə, çatışmazlıqları Füzuli Dövlət Dram Teatrının cəbhə bölgəsində, çətin şəraitdə fəaliyyət göstərməsi ilə izah etmək olar. Amma 21-ci mövsümünü yaşayan truppa ən ağır şəraitdə də peşəkarlığını qoruyub-saxlamağa çalışmalıdır.
Ümidvarıq ki, Füzuli teatrı ilə növbəti görüşümüzdə bu kimi məqamların şahidi olmayacağıq.
Samirə Behbudqızı