Son iki ayda Bakının teatr həyatında bir canlanma duyulur. Bir çox teatrlarımızın yaradıcılıq səviyyəsini müqayisə etdiyimiz günlərdə daha bir kollektivin - Dərbənd Azərbaycan Dövlət Dram Teatrının tamaşalarını görmək şansı qazandıq. Düzdür, onlar başqa dövləti - Rusiya Federasiyasının Dağıstan Respublikasını təmsil edirlər. Amma hər halda bir əsrlik tarixə malik, üstəlik, Rusiya ərazisində yeganə azərbaycandilli dövlət teatrı olan Dərbənd teatrını özümüzünkülərdən ayırmağa mənəvi haqqımız çatmır. 
   
   Dərbəndlilər Azərbaycan qastrolunun ilk günündə (12 aprel) Gənc Tamaşaçılar Teatrında Rafiq Rəhimlinin «Sönmüş talelər» dramını iki seans oynadılar. Dağıstanın Əməkdar artisti Laləzar Hüseynovanın quruluş verdiyi bu tamaşada (yeri gəlmişkən, Laləzar xanım özü də bu tamaşada kiçik bir rolda çıxış edir) narkotik maddə alverçiliyini qazanc yolu seçən bir qadının ailəsində yaşanan faciələrdən söz açılır. Əsas rollarda aktyorlardan Səbuhi Əhmədov, Rəhilə Ömərova, Sadıq Hüseynov, Mədinə Hacıağayeva, Dağıstanın Əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova, Kəmalə Rzayeva çıxış edirdi.
   Tamaşadan sonra qonaq teatrın direktoru, Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Şahlar Xalikovla teatrın bugünkü fəaliyyəti, repertuar seçimi və aktyor heyəti barədə söhbət etdik.
   - Azərbaycana üç yeni tamaşamızı gətirmişik. Məcid Şamxalovun «Qayınana» komediyasını, Rafiq Rəhimlinin «Sönmüş talelər» dramını, bir də uşaqlar üçün «Göyçək Fatma» nağıl-tamaşasını. Tamaşaların hər üçünə Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova quruluş verib.
   Ümumilikdə Bakıda, Xırdalanda, Sumqayıtda, Ağsuda, Şamaxıda, Qubada və Xaçmazda 14 tamaşa ilə çıxış edəcəyik.
   - Dərbənd Azərbaycan teatrının tarixi qədimdir. Amma bu teatrın qəribə taleyi var. Gah açılıb, gah bağlanıb, statusu da tez-tez dəyişilib.
   - Elədir. Dərbənddə Azərbaycan teatrı (vaxtilə bu teatrı gah türk, gah tatar teatrı adlandırıblar) 1904-cü ildə yaradılıb. 1927-ci ildən Azərbaycan teatrı adlandırılıb. 1949-cu ildə isə bir sıra, əsasən də maliyyə səbəbləri üzündən dövlət teatrı kolxoz-sovxoz teatrına çevrilib. 1977-ci ildə isə Dərbənddə Azərbaycan xalq teatrı təşkil olundu. 1988-ci ildə isə şəhərin azərbaycanlı ziyalıları məsələ qaldırdılar ki, niyə Azərbaycan müəlliflərinin əsərlərini başqa xalqların teatrları öz dillərində oynasınlar, amma öz musiqimizi, ədəbiyyatımızı, ana dilimizi Dərbənddə yaşatmaq üçün bizim dövlət teatrımız olmasın? O zaman Azərbaycan və tat xalq teatrlarını bir dövlət teatrında birləşdirdilər, «Rodina» kinoteatrını da bizə verdilər. Mən də Krasnodarda kütləvi tamaşalar rejissorluğu fakültəsini bitirmişdim deyə, birləşmiş teatra rəhbərliyi mənə tapşırdılar. Malik Ramazanovun quruluşunda «Beş manatlıq gəlin» tamaşası ilə dövlət teatrı kimi fəaliyyətə başladıq.
   1998-ci ildə Azərbaycan və tat teatrlarını ayırdılar, biz Dərbənd Azərbaycan Dövlət Dram Teatrı kimi işə başladıq. O vaxtdan bəri Azərbaycandan rejissorlar dəvət etməyə, teatrın kollektivini formalaşdırmağa başladıq. Bakıdan aktyor, rejissor çağırdıq, bəziləri qalıb Dərbənddə işlədilər, bəziləri yenidən geri qayıtdılar.
   - İndi truppanızda neçə aktyor çalışır?
   - Teatrın bütün ştatı 88 nəfərdir, onların 25 nəfəri aktyordur. «Sönmüş talelər»də baş rolu ifa edən Səbuhi Əhmədov Bakıda aktyorluq, Laləzar xanım isə rejissorluq fakültəsini bitirib. Dağıstanın Əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova da Bakıda ali təhsil alıb. Aktyorlarımızın arasında texnikum bitirənlər də var, əksəriyyəti 10-15 ildir ki, səhnədədir. Bakıya səfərimizin ərəfəsində dörd gənc aktrisanı işə götürmüşük.
   - Səhv etmirəmsə, Azərbaycandan dəvət etdiyiniz rejissorlar sizin teatrda tamaşa qoyurlar. Bu ənənəni davam etdirirsinizmi?
   - Bəli. Azərbaycanın Xalq artisti Ağaxan Salmanlı indiyədək bizim teatrda 7-8 əsərə quruluş verib. Bu il də onu Dərbənddə gözləyirik. Həm onun 65 illik yubileyi münasibətilə, həm də bizim Dağıstan teatrlarının festivalında iştirakımız üçün yeni tamaşa hazırlayacaq. 

   - Bir az da repertuarınız barədə məlumat verin.
   - Biz hər il dörd yeni əsəri tamaşaya qoyuruq. Həm böyüklər, həm də uşaqlar üçün tamaşa hazırlayırıq. Repertuarımızda həm komediya, həm faciə, həm klassik, həm də müasir dramaturqların əsərləri var. Çalışırıq ki, dünya dramaturgiyasına da müraciət edək. Nazir Rüstəmov A.Kamyunun «Anlaşılmazlıq» əsərini, S.Marşakın «Pişik evi» nağılını tamaşaya qoymuşdu. Moskvada təhsil almış Rəbiyyət Hacıkamalova adlı rejissoru bu yaxınlarda işə götürmüşük. Ondan xahiş etmişəm ki, rus dramaturgiyasından, Qoqol, Çexov, ya da Ostrovskinin əsərlərindən birini seçib hazırlasın.
   Amma biz uşaq tamaşalarını həm də rusca oynayırıq. Dağıstan çoxmillətli respublikadır. Şəhər məktəblərində tamaşa göstərəndə sinifdəki uşaqları milliyyətinə görə bir-birilərindən ayırmaq olmaz. Həm də istəyirik ki, hamı Azərbaycan teatrının tamaşalarına baxsın.
   - Azərbaycan teatrının tamaşalarına başqa xalqların nümayəndələri də həvəs göstərirlər?
   - Dərbənddə yaşayan ləzgilər, tabasaranlar, kumıklar bizim tamaşalara gəlirlər. 2004-cü ildə Mahaçqalada Dərbənd Azərbaycan teatrının 100 illiyini qeyd edəndə respublikanın bir çox vəzifəli şəxsləri də bizimlə maraqlandılar, «Arşın mal alan»ı çoxdan görmədiklərini deyib, tamaşamıza baxdılar. Bu gün Dərbənd teatrının kollektivi formalaşıb, böyük şəhərlərdə tamaşa verməyə də gücümüz çatar. Əgər avtobusumuz təzə olsaydı, Həştərxana, Volqaqrada, lap Moskvaya da qastrola gedərdik.
   
   Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar