«Teatr dəhşət xəstəliyindən qurtulmaq üçün şəfaverici dava-dərmandır. Tənhalıqdan yaxa qurtarmaqdan ötrü adamlar bir yerə toplaşırlar. Toplaşırlar ki, təsəvvürlərində dəhşətdən uzaq olan həyat lövhəsi qursunlar. Teatr tamaşası zamanı xəstəliktörədən mikrob tamaşaçıya zərdab şəklində yeridilir. İncəsənətin mahiyyəti elə ondadır ki, çöpşəkilli mikrobdan vaksin əldə etməyi bacarsın». XX əsrin böyük fransız aktyor və rejissoru Jan-Lui Barro «Teatr haqqında düşüncələr» kitabında belə yazırdı.
   Zənnimcə, mikrobdan vaksin əldə etmək üçün ən yaxşı meydan elə forum teatrıdır. Forum teatrında tamaşa bitər-bitməz tamaşaçılarla aktyorlar arasında müzakirə başlanır, bu müzakirələr tamaşaçıya bir az əvvəl səhnədə seyr etdikləri personaj və hadisələrə daha dərindən baxmağa imkan yaradır. Xüsusi teatr metodikası olan forum teatrının əsasını 1931-ci ildə dünyaya gəlmiş Avqusto Boal qoyub. Onun devizi belə idi: «Bəsdir gerçəkliyin interpretasiyası ilə məşğul olduq, onu dəyişdirməyin əsl zamanıdır».
   «Axın» Forum Teatrının rəhbəri Vidadi Həsənovla söhbətimiz də bu teatr ənənəsi barədədir.
   «Forum teatrı ilk dəfə Braziliyada meydana gəlib. Bizim teatr isə iki il yarımdı fəaliyyət göstərir. Əbilov adına Mədəniyət Mərkəzində yerləşirik. Məşq etmək, tamaşalarımızı təqdim etmək üçün bizə mümkün olan hər bir şərait yaradılıb. Oranın rəhbər və sıravi işçilərinə çox minnətdarıq. Tamaşalarımız əsasən qeyri-hökumət təşkilatları vasitəsilə təklif etdiyimiz layihələrlə gerçəkləşir».
   Teatrın adını «cərəyan» və «hərəkət» mənaları ilə səciyyələndirən Vidadi Həsənov «Axın»ın, eyni zamanda, dramaturqu və baş rejissorudur. 24 illik pedaqoji təcrübə, «Yuğ» Dövlət Teatrının səhnəsində və böyük ekranda bir-birindən fərqli obrazlar yaratması ona imkan verir ki, teatr rəhbəri kimi öz sözünü deyə bilsin. «Axın» teatrı bu vaxta qədər V.Həsənovun özünün qələmə aldığı və quruluş verdiyi «Qapalı qapı», «Etiraf», Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında «220 nömrəli otaq» və uşaqlar üçün Abdulla Şaiqin «Tıq-tıq xanım» nağılının tamaşaları ilə çıxış edib. «Qapalı qapı» və «Etiraf» səhnə əsərləri insan alveri və gender problemi kimi kəskin sosial mövzulara toxunsa da, naturalist və poetik teatr estetikasının harmonik vəhdətində, fabulanın fəlsəfi-psixoloji aspektlərinə aydın bir baxış bucağı seçərək təqdim edilir. Teatrın truppası 8 nəfərdən ibarətdir: Günel Əkbərova, Aynurə Məmmədova, Amid Qasımov, Anar Səfiyev, Samir Həşimov, Əliağa Əliyev, Oqtay Mehdiyev və Zaur Babayev. Onlardan bəziləri Mədəniyyət və İncəsənət Universitetinin məzunları, bəziləri isə tələbələridir.
   Universitetin estrada sənəti kafedrasında rejissor sənətindən dərs deyən dosent Vidadi Həsənov gənclərin həm «Axın» teatrındakı işindən, həm də forum teatrının mahiyyətini qavramalarından razılıq edir: «Elə olur ki, yarımsaatlıq tamaşanın müzakirəsi iki saat çəkir. Müzakirələr vaxtı tələbələr tamaşa barədə, ayrı-ayrı aktyorların ifası haqqındakı düşüncələrini, təəssüratlarını çox rahat şəkildə ifadə edirlər. Səhnəyə alışmamış bu gənclərin böyük bir auditoriyanın qarşısında həmin personajları öz yanaşmalarına uyğun təqdim etmələri xoş təsir bağışlayır. Mən teatrın cəmiyyəti ağıllandıra biləcəyini düşünmürəm. Teatr yalnız cəmiyyətdəki əyər-əskiklərə səhnə yozumu verə, diqqəti hansısa çatışmazlıqlara yönəldə bilər. Bunun üçün zəngin dekorasiyaların qurulması vacib deyil. Məsələn, «Qapalı qapı»dakı hadisələr tamamilə boş səhnədə baş verir. Amma tamaşa zamanı mənzilin bütün hissələri, hətta detalları, musiqi yönlü təhsil ocağının ab-havası və digər məkanlar tamaşaçı üçün tam təsəvvürolunandır».
   
   Samirə Behbudqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar