Uşaqlarımızın mədəni inkişafının, bədii-estetik zövqünün formalaşmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında Kukla Teatrının rolu böyükdür. Kukla Teatrının aparıcı aktyorlarından olan Rəhman Rəhmanov kiçik yaşlarından teatrı sevib, səhnənin vurğunu olub. Bu sevgi ilə də aktyorluq peşəsinə yiyələnib. 14 yaşından səhnəyə qədəm qoyub. 1973-cü ildə Akademik Milli Dram Teatrının yardımçı heyətinə üzv olub. 1974-cü ildən isə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur.
   İstər dramatik, istərsə də komediya rollarının mahir ifaçısı olan sənətkar, eyni zamanda, televiziyanın yumoristik verilişlərindən də tamaşaçılara yaxşı tanışdır. Rəhman təkcə istedadı ilə deyil, həm də yüksək mədəniyyəti, səmimiyyəti ilə də seçilən aktyordur. Onun üçün rolun böyük-kiçiyi yoxdur. Oynadığı bütün rollara məsuliyyətlə yanaşan istedadlı aktyor indiyədək səhnədə çoxsaylı obrazlar yaradıb. Onun uşaqların sevə-sevə baxdıqları tamaşalardakı gözəl çıxışları dönə-dönə alqışlanır.
   Rəhman Kukla Teatrının səhnəsində Əli Səmədlinin «Cubbulunun çərpələngi» (Div və qədeş), «Artıq tamah baş yarar» (Təpəgöz), Qeybulla Rəsulov və Ələsgər Səmədovun «Molla Nəsrəddin» (Molla Nəsrəddin), Abdulla Şaiqin «Üç nağıl» (Aparıcı), Anarın «Qaravəlli» (Balaqədeş), Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» (Oğru), «Hamam hamam içində» (Dəvə), «Damdabaca» (Polis), Mirzəağa Atəşin «Cırtdan» (Div), Hikmət Ziyanın «Əkiz qardaşlar» (Səfər), Sabir Məmmədovun «Tülkünün aqibəti» (Baş siçan), Nadir Zamanov və Məmməd Məmmədovun «Səfərin nağılı» (Xəlil), Əli Səmədlinin və Abdulla Qüdrətin «Əzablı günlərin sonu» (Qoca zənci), Rada Moskovanın «Hara qaçırsan dayça» (Balaqan sahib), Vaymil Rabadinin «Zəncirlənmiş Pəri» (Zalım), Əli Vəliyevin «Madarın dastanı» (əkinçi), Eldəniz Quliyev və Azər Əbilovun «Dədə Qorqud» (Təpəgöz), Şahmar Hüseynovun «Sehrli güzgü» (Baba), Firuz Məmmədovun «Ac qulağım, dinc qulağım» (Buğa), Rada Moskovanın «Əlibaba və qırx quldur» (Qasım), Həsənağa Hüseynovun «Saz əhvalatı» (Ayı və timsah), Əyyub Abbasovun «Şəngülüm-şüngülüm» tamaşalarında iştirak edib.
   O, həmçinin «Qonur ayı balası», «Hacı Qara», «Ordan-burdan» televiziya tamaşalarında uğurlu aktyor oyunu ilə yadda qalıb. Tez-tez televiziyanın müxtəlif əyləncəli proqramlarında çıxış edir.
   R.Rəhmanov 2006-cı ildə monotamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, şüngülüm» tamaşası ilə iştirak edib və uğurlu çıxışına görə «Qızıl dərviş» mükafatına layiq görülüb. Səhnədəki çıxışları hər zaman alqışlanan və sevilən istedadlı sənətkarımız Rəhman Rəhmanovu anadan olmasının 53, səhnə fəaliyyətinin 36 illik münasibəti ilə təbrik edir, ona cansağlığı, yaradıcılığında uğurlar arzulayırıq.
   
   Hüseyn Əhmədov,
   A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ədəbi-dram hissəsinin müdiri, respublikanın Əməkdar mədəniyyət işçisi, rejissor






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar