Söhbətin «Don Kixot»dan getdiyini anlamaq çətin olmadı, yəqin ki. «Yuğ» Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu görkəmli ispan yazıçısı Migel de Servantesin (1547-1616) «Don Kixot» romanına ikihissəli tamaşa şəklində səhnə yozumu verir.
   
   «Psix» adı ilə tamaşaçılara təqdim olunacaq səhnə əsərində V.İbrahimoğlunun yetirmələri İlahə və Hikmətlə bərabər, tələbələri Ruqiyyə və Toğrul da iştirak edirlər. Hikmət Don Kixot, Toğrul Sanço Panso, İlahə ilə Ruqiyyə isə Dulsineya rollarında çıxış edəcəklər. Romanın səhnə versiyasının məşqlərinə aparan yol dörd ay davam edən nəzəri hazırlıqdan keçib. Hazırlıq prosesinin qismən şahidi olduğum zaman rejissorun bu gənclərə aktyorluq sənətinin, teatr estetikasının incəliklərini necə aşıladığını müşahidə etmişəm. «Psix»in məşqləri isə cəmisi bir həftədir başlayıb.
   
   «39 faiz bəsdi»
   
   Həmin gün «Yuğ» teatrının tamaşa zalına daxil olan kimi eşitdiyim ilk söz Vaqif müəllimin gənc aktyorlara «39 faiz bəsdi, amma dəqiq olsun» deməsi oldu. Rejissor onlardan icraçı kimi yox, məhz ifaçı kimi köklənməyi tələb edirdi. Bundan ötrü isə «səhnədə coğrafi məsələləri həll etmək, varolmanın adi məişət olmadığını» qavramaq vacibdir. V.İbrahimoğlu: «Səhnədəki hərəkətləriniz nonsens yaratmalıdır».
   Gələcək tamaşanın ilkin dekorasiyası və əlbəsələr ədəbi materialın orijinalı və «Yuğ»un psixosof poetikası ilə uyğunluq təşkil edir. Məşqlər gündə bir neçə saat davam edir.
   
   İspan dili və Azərbaycan ləhcələri
   
   «Yuğ» teatrının estetikasından irəli gələn cəhət bu tamaşada da özünü göstərir - əcnəbi dildə yazılmış ədəbi əsərin səhnə versiyasında orijinaldakı nitqə yer ayırmaq. «Psix» səhnə əsərində də Don Kixot rolunun ifaçısı Qara Qarayevin «Don Kixot» simfonik qravürünün sədaları altında özünü tamaşaçılara ispanca təqdim edir. Sanço Panso onun dediklərini azərbaycanca çatdırır. Dulsineyanı qiymətləndirmək üçün isə Sanço Şəki ləhcəsinə keçir. Məşqin ikinci saatında Sanço obrazı Naxçıvan ləhcəsində danışır - Don Kixota izah etməyə çalışır ki, azman zənn etdiyi və vuruşmağa hazırlaşdığı əslində yel dəyirmanlarıdı...
   
   «Səfeh sifətləri Yer üzündən silmək Tanrıya ən düzgün xidmətdir»
   
   Bu, Don Kixotun dünyadakı missiyasının ifadəsidir. Missiyanın səhnədəki ifadəsi üçün isə aktyorlar tamaşa boyu obrazlarını yaratdıqları personajların zahiri görkəminə xüsusi diqqət yetirməlidirlər. V.İbrahimoğlu: «Don Kixotun, Sançonun, Dulsineyanın geyimlərini geyinəndə, pariklərini taxanda dona, cildə girmək cəhəti sezilməlidi. Yaponların «No», «Kabuki» teatrlarında aktyor maskanı qarşısına qoyub ona diqqətlə baxandan və özündə nəsə hiss edəndən sonra üzünə taxır. Bunun çox arxetipik əsasları var. Sadəcə, libas, görünüş dəyişmə yox, mistik hal baş verməlidir, siz həmin personajlara çevrilməyinizi hiss etməlisiniz. Amma əgər geyimdən, parikdən istifadə edəndə, əşyalarla davrananda məişətdən uzaqlaşma, əda, oynaqlıq, ifadəlilik sezilməsə, bu, baş verməyəcək. Cild bizim üçün sığınacaq olmayacaq. Sinopsisdə bu proses bircə sözlə göstərilib: «Geyinirlər». Bu axı adi paltardəyişmə demək deyil...»
   Vaqif müəllim hər şəklin ifasından əvvəl belə izahatlar verir, ifaçılardan istədiyini «almayana» qədər bir hissəni dəfələrlə məşq etdirir. Demək olar ki, hər dəfə də izahlarını, tələblərini öz ifası ilə daha da dolğunlaşdırır.
   
   «Xırdalıqlar mükəmməlliyə aparır, mükəmməllik isə xırdalıq deyil»
   
   Pikassonun bu sözlərini Vaqif İbrahimoğlu məşqdə xatırlatdı. Onun iki saat ərzində Don Kixot, Sanço Panso və Dulsineya kimi adları çoxdan ümumiləşmiş obrazların gənc ifaçılarından tamaşaçı qarşısında maksimum sərbəstlik, təbiilik tələb etməsini müşahidə eləmək çox maraqlıdır: «Siz tərəf-müqabilisiniz, aranızda əlaqə olmalıdı, birbaşa baxışlarla bir-birinizi anlamamış heç bir hərəkətə yol verməyin. Yoxsa sünilik alınar. Ötəri baxışlarla aranızda sinxronlaşma qurun. Birinci şəkildə işıq yananda səsləndirdiyiniz nida axmaq vəziyyətdə qalmaqdan qorxan insanların xofunu çatdırmalıdı. Bunu dəqiq oynasanız, sonrası da elə gedəcək».
   Mən məşq zalını tərk edəndə Vaqif müəllimin «bu gün saat 4-ə qədər məşq edirik də» sözünün cavabında yetirmələrinin «vaxtınız varsa, 5-ə qədər də məşq edə bilərik» deməsi məmnunluq doğurur. «Psix» mayın axırı, iyunun əvvəlində təhvil veriləcək.
   
   Samirə Behbudqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar