Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də görkəmli müğənni və tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini zənginləşdirib, dünyanın ən məşhur konsert salonlarında çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə milli mədəniyyətimizin inkişafı və təbliğində mühüm xidmətləri olan Rəşid Behbudovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Dövlət başçısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, Əlağa Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirərək qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaradıb. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.